İbrahim Kalın: Ermənistan Azərbaycan torpaqlarını işğaldan əl çəkməlidir
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daha çox Ermənistanın xeyrinə olacaq.
Ankarada Yıldırım Bəyazit Universitetində Türkiyə -Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı İbrahim Kalın qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vacib rol oynayır:
“Bu məsələdə mövqeyimiz çox aydındır. Ermənistan Azərbaycan topraqlarını işğal etməkdən əl çəkməlidir. Və bu, daha çox Ermənistanın xeyrinə olacaq”.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın həmçinin bildirib ki, Rusiya arasında münasibətlərdə gərginliyin azalması ilə bağlı Ankaranın addımlarını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya təyyarəsinin vurulmasından sonra yaranan yeddi aylıq böhrandan sonra Ankara Moskva ilə dialoqun yaranması ilə bağlı bir sıra addımlar atıb:
“Bu gün bu məsələ xırdalıqları ilə görünə bilər. Xatırlayıram ki, həmin gecə xüsusi reyslə Ərdoğanın məktubunu Putinə çatdırdıq. Türkiyə nikbinliyini itirmədi və güclü liderlik keyfiyyətləri hesabına böhran aradan qaldırıldı”.
Həmçinin mətbuat katibi rus səfir Andrey Karlovun Ankarada vurulmasına da münasibət bildirib:
“Rus səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi məqsədilə düşmən dairələrin təxribatıdır”.
Onun sözlərinə görə, alçaq cinayətin təşkilatçıları Ankara ilə Moskva arasında münasibətlərin parçalanması məqsədi daşıyır:
“Həmin gecə prezident Ərdoğnan və mən İstanbulda idik. Bununla bağlı bizə məlumat çatdıqdan sonra dərhal rusiyalı həmkarım Yuriy Uşakovla əlaqə saxladım. İstədim ki, bu xəbəri ilk ondan eşidim. O, zəngə görə mənə minnətdarlığını bildirdi. Hamımız şokda idik. Ankarada rus səfirinə necə sui-qəsd etmək olar?! Bu zəng sayəsində iki dövlətin başçılarının zəngini təşkil etmək mümkün oldu. Rusiya prezidentinin liderlik keyfiyyəti və səbrli olması hesabına bu böhranı da dəf edə bildik”.
İbrahim Kalın Rusiyanın S-400 komplekslərinin təchizatı ilə bağlı müqavilə məsələsində Qərbin tənqidlərini də qeyd edib:
“Əgər ABŞ-la müvafiq razılaşma olarsa, Ankara ABŞ-ın “Patriot” komplekslərini də əldə etməyə hazırdır. Türkiyə güclü dövlətdir. Və tələbatlarımızı bir mənbədən əldə edə bilmərik. Ankara istənilən sərfəli təklifə ciddi yanaşmağa hazırdır”.
Mətbuat katibi həmçinin Türkiyənin xarici siyasət prioritetlərinin dəyişməsi ilə əlaqədar səhv şərhlərdən də danışıb:
“Türkiyə Yaxın Şərq, Asiya, Afrika, Rusiya və ya Latın Amerikası ilə münasibətlərində yaxınlaşma olan kimi bunu ölkənin xarici siyasət prioritetlərinin dəyişməsi kimi qiymətləndirilir.
Türkiyə ilə Rusiya münasibətlərini yalnız milli maraqlar nöqteyi-nəzərindən inkişaf etdirmir. Bu, həm də Suriyadakı münaqişənin nizamanamsı, terrorla mübarizə, Qafqaz regionunda sabitliyin təmin olunması üçün də vacibdir”.
O, qeyd edib ki, bir sıra məsələlərdə Türkiyə ilə Rusiyanın mövqeyi köklü şəkildə fərqlənir:
“Türkiyə Krımın zəbt olunmasını tanımadı. Həmçinin beynəxalq hüquqa əsaslanaraq bu addımı dəstəkləməyəcəyini də bildirib. Türkiyə rus tərəfdaşları ilə krım tatarlarının hüquqlarının qorunması məsələrində də danışıqlar aparır”.
Tərcümə: S.Xankişiyeva