SAM-ın nümayəndə heyəti Pakistana səfər edib – FOTO

20-22 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edərək Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirib, habelə İslamabad Siyasət Araşdırmaları İnstitutunun (İSAİ) birgə təşkilatçılığı ilə seminar təşkil edib.
1news.az-ın verdiyi xəbərə görə, SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev, şöbənin elmi işçisi Fuad Çıraqov və Mərkəzin İqtisadiyyatın təhlili şöbəsinin Aparıcı elmi işçisi Mahir Hümbətovdan ibarət nümayəndə heyəti Qlobal və Strateji Araşdırmalar Mərkəzində keçirilən görüş zamanı Azərbaycan-Pakistan münasibətləri və ikitərəfli münasibətlərin inkişaf dinamikasına dair müzakirələr aparmış, tərəflər hər iki mərkəz arasındakı tədqiqat imkanlarının genişləndirilməsi, xüsusilə də Hibrid müharibə və Kibertəhlükəsizlik, İnformasiya texnologiyaları və Su hövzələrinin təhlükəsizliyi sahələrində birgə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılığa gəlib.
Səfər çərçivəsində SAM və İslamabad Siyasət Araşdırmaları İnstitutunun (İSAİ) birgə təşkilatçılığı ilə “Regionda cari geosiyasi tendensiyalar və Pakistan ilə Azərbaycan arasında daha dərin münasibətlərin perspektivləri” mövzusunda seminar keçirilib. Seminar İSAİ-nin prezident əvəzi Məhəmməd Məhbub Qədir, SAM-ın şöbə müdiri Cavid Vəliyev və Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin açılış nitqi ilə fəaliyyətə başlanıb.
Seminarın işçi sessiyasında SAM-ın ekspertləri — Fuad Çıraqov və Mahir Hümbətov müvafiq olaraq, “Cari geosiyasi meyllər kontekstində Pakistan və Azərbaycanın milli təhlükəsizliyinə qarşı ortaq təhlükələr və çağırışlar” və “Azərbaycan tranzit ölkə kimi: İnfrastruktur və Logistika” mövzusunda mühazirə ilə çıxış edib. Bununla yanaşı, seminar zamanı İslamabadın Siyasət və Beynəlxalq Münasibətlər məktəbinin direktoru Nazir Hüseyn, Pakistanın Çin Araşdırmaları İnstitutunun direktoru Fazal-ur Rəhman da iştirakçılar qarşısında çıxış edərək “Dəyişən geosiyasi reallıqlar çərçivəsində Pakistan-Azərbaycan münasibətlərinin Pakistan perspektivindən təhlili” və “Çin-Pakistan iqtisadi dəhlizi və İqtisadi Əməkdaşlıq Təşkilatı: Regional əlaqəlilik və rifah istiqamətində tərəfdaşlar” mövzusunda məruzə edib.
S.Xankişiyeva