Ermənistan-Gürcüstan sərhəd yolu bağlandı: Paşinyanla görüş tələb edilir

Ermənistanda “Sağ sükan” təşəbbüs qrupunun üzvü olan 50-dən çox idxalçı Gürcüstanla sərhəddə yerləşən Baqrataşen keçid məntəqəsinə aparan Alaverdi-Noyemberyan magistral yolunu bağlayıblar.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüş tələb edirlər.
Etiraz aksiyasının təşkilatçılarından biri olan "Avto Garant" şirkətinin direktoru Sarkis Sarkisyan bildirib ki, Paşinyanla “havadan asılı qalan” sağ sükan avtomobillərinin ölkəyə idxal olunması problemini həll etmək üçün görüş gözləyirlər.
Etirazçılar deyiblər ki, Paşinyan seçki kampaniyası çərçivəsində bu bölgəyə gələcək.
İdxalçılar dəfələrlə Ermənistan-Gürcüstan sərhədində keçid məntəqəsinin işini iflic edəcəkləri ilə təhdid ediblər. Oktyabr-noyabr aylarında bir neçə etiraz aksiyası təşkil olunub. Bundan sonra Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir sıra müzakirələr aparılıb.
Ermənistanda sağ sükan avtomobillərinin idxalına qadağa 1 aprel tarixində qüvvəyə minib. İdxalçılar, bu qadağanın qaldırılmasını tələb edirlər, çünki onlar zərər çəkirlər. Ermənistan-Gürcüstan sərhədindəki tranzit zonasında təxminən 200 avtomobil yığılıb, digər şəhərlərdə isə 2,500 avtomobil Ermənistana çatdırılmasını gözləyir.
Qeyd edək ki, Ermənistanda sağ sükan maşınları əsasən Yaponiyadan idxal olunur.
P.Sultanova