Səfir: Azərbaycanla BƏƏ arasında hörmət və əməkdaşlığa əsaslanan əlaqələr mövcudur | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanla BƏƏ arasında hörmət və əməkdaşlığa əsaslanan əlaqələr mövcudur

09:37 - 04 / 12 / 2018
Səfir: Azərbaycanla BƏƏ arasında hörmət və əməkdaşlığa əsaslanan əlaqələr mövcudur

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 47-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda  dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin  dövlət himnləri səsləndirildikdən sonra çıxş edən səfir Məhəmməd Əhməd Hamil Əl-Qubaisi ötən müddət ərzində BƏƏ-nin keçdiyi  inkişaf tarixi barədə məlumat verib.

Səfir deyib ki, dövlətimizin yaranmasının 47-ci ildönümü münasibətilə bu il keçirdiyimiz tədbir BƏƏ-nin qurucusu mərhum Şeyx Zayid bin Sultan əl-Nahyanın anadan olmasının 100 illiyinə təsadüf etdiyi üçün 2018-ci il Şeyx Zayed bin Sultan əl-Nahyan ili adlandırılıb. BƏƏ həmişə müxtəlif yerli, regional və beynəlxalq tərəfdaşlıq çərçivəsində qəbul edilən proqramlar vasitəsilə və multikulturalizm dəyərlərinə sadiqlik nümayiş etdirib, nifrəti və diskriminasiyanı rədd edib.

Səfir bildirib ki, “Dubay Expo 2020” reallaşmaqda olan ən böyük uğurlardandır:  “Belə ki, “Dubay Expo 2020”də 200 dövlətin və ümumilikdə 60 milyon nəfərin iştirakı gözlənilir. Bu da millətlər arasında mədəni anlaşmanın güclənməsinə töhfə verəcək. BƏƏ 100 faiz öz mühəndislərinin istehsal etdiyi "Xəlifə Sat" süni peykini buraxıb”.

Diplomatın sözlərinə görə, Azərbaycanla BƏƏ arasında hörmətlə əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələr, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən iqtisadi, ticari, mədəni əlaqələr, BƏƏ-dən gələn turistlərin artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olmasının bariz nümunəsidir. 

"Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verən BƏƏ-Azərbaycan ticarət məclisinin yaranmasının 3 illiyi münasibətilə iki həftə əvvəl keçirilən tədbiri də qeyd etmək yerinə düşərdi".

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan hökuməti adından BƏƏ xalqını bayram münasibətilə təbrik edib. Nazir deyib ki, 1971-ci ildə Ərəb Əmirlikləri birləşərək öz dövlətini yaratdı, qısa müddətdə BƏƏ dünyada sayılıb-seçilən dövlətə çevrilib.

Ş.Mustafayev ölkələrimiz arasında hərtərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir:

“Qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır.

Əməkdaşımızın möhkəm hüquqi bazası var – ölkələrimiz arasında 40-dan çox sənəd, saziş imzalanıb. “Made in Azerbaijan” brendi altında məhsullarımızın təşviqi məqsədilə cari il dekabrın 8-11-də Əbu-Dabi və Şarja şəhərlərində ixrac missiyası təşkil ediləcək”.

Nazir qeyd edib ki, Dubayda Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər artıq başa çatdırılır. Qarşılıqlı etimad, öz növbəsində investisiya əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard dollar investisiyanın 1,3 milyardı neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-yə 330 milyon dollar sərmayə yatırılıb. Azərbaycanda 30-a yaxın Birləşmiş Ərəb Əmirlikləri şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. İnanıram ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.

P.Sultanova

 

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər