Eynşteynin səhifə yarımlıq məktubu rekord qiymətə satılıb – FOTO
Alman fizikçi Albert Eynşteynin inanca və dinə aid yazdığı “Tanrı” məktubu Nyu-Yorkda keçirilən hərracda satışa çıxarılıb.
Səhifə yarımlıq məktub 2.9 milyon dollara satılıb.
“Christie’s” hərrac evi məktubun 1, 1.5 milyon dollara satılacağını düşünürdü. Məktuba 2.9 milyon dollar verən şəxsin kimliyi bilinmir.
Məktubu Eynşteyn 1954-cü ildə, 74 yaşında alman dilində qələmə alıb. O, bu məktubu fəlsəfə alimi Erik Qutkində xitabən yazıb. Eynşteyn məktubda Tanrı, İncil və yəhudiliklə bağlı fikirlərini qələmə alıb.
Bu məktub Eynşteynin dini inancı və dinlərlə bağlı düşüncələrini ən dəqiq şəkildə ifadə edən mətnlərdən biridir.
“Tanrı sözü mənə insanların zəifliyinin bir ifadəsi və məhsulu olmaqdan başqa heç nə ifadə etmir. İncil isə müqəddəsdir amma yenə də ibtidai əfsanələr toplusudur”, - deyə Eynşteyn məktubunda yazıb.
Alim yəhudi xalqının nümayəndəsi olmaqdan qürur duyduğunu qeyd edib. Yəhdu inancı haqqında isə “digər bütün dinlər kimi ibtidai batil inancların qəlibə salınmış formasıdır” fikrini yazıb.
S.Xankişiyeva