Erməni ekspert: Nazirliklərin ləğvi intiharların sayını artıracaq
Ermənistanda nazirliklərin sayının azaldılması ölkədə intiharların artmasına gətirib çıxara bilər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu ekspert Serob Xaçatryan deyib.
Onun sözlərinə görə, nazirliklərin optimallaşdırılmasını müdafiə edənlər bir qayda olaraq, digər ölkələrdən nümunələrə istinad edirlər və deyirlər ki, Ermənistan elə böyük ölkə deyil ki, çox sayda nazirliyə malik olsun.
Xaçatryan əlavə edib ki, varlı və iri ölkələrdə nazirlərin rolu çox formaldır, çünki onların yaxşı qurulmuş sistemləri var:
“Ermənistanda sistem işləmir axı. Belə bir vəziyyətdə optimallaşdırmağa getmək çox təhlükəlidir və bu, peşəkar idarəetmə səviyyəsinin azalmasına gətirib çıxara bilər, çünki biz hələ müəyyən sahələrdə institutları qurmaq və inkişaf etdirməliyik".
Mədəniyyət Nazirliyinin ləğvi məsələsinə toxunan ekspert, bu qərarın qurumun pis işləməsi ilə əlaqədar olduğunu, əslində, onun müəyyən şəxslərin maraqlarına uyğun işlədiyini əlavə edib. Ekspertin fikrincə, əgər zəif işləyən insanlar varsa, onları ya işdən azad etmək, ya da Mədəniyyət Nazirliyinin yanaşmaları və iş üsulları dəyişdirmək lazım idi.
Nazirliklərin azaldılmasının ən radikal yanaşma olduğunu deyən erməni ekspert, əmindir ki, insanların işdən ədalətli şəkildə çıxarılacaqlarına dair heç bir zəmanət yoxdur.
Bundan əlavə, Xaçatryan hesab edir ki, "pis mütəxəssislərin" işdən çıxarılması ölkədə artıq mövcud olan sosial vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq və həmin şəxslərin özünü qəsdə də gedə biləcəkləri istisna deyil.
P.Sultanova