İranda təyyarə qəzası: 15 nəfər həlak olub
Bu səhər “Boing 707” yük təyyarəsi İranın paytaxtı Tehranın Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb.
1news.az-ın məlumatına görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.
Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub.
Təyyarənin göyərtəsində 16 nəfər olub. Onlardan yalnız bir nəfər - təyyarənin pilotu xilas ola bilib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.
1news.az