Ekspert: Cərimələri artırmaqla Bakının nəqliyyat problemini həll etmək mümkün deyil - MÜSAHİBƏ
Bakının üzləşdiyi başlıca problemlərdən biri də nəqliyyat, əsasən də tıxac problemidir. İşin pis tərəfi bu problemin getdikcə kəskinləşməsidir. Bunun səbəbləri isə kifayət qədər çoxdur.
Bir faktı nəzərinizə çatdıraq ki, ölkə üzrə qeydiyyatda olan avtomobillərin təxminən 75 faizi Bakının payına düşür. Paytaxt yollarının əksəriyyətinin ensiz olması, avtomobillərin saxlanması üçün park yerlərinin sayının azlığı, əksər sürücülərin mədəniyyətinin aşağı olması, ümumiyyətlə, nəqliyyat hərəkətinin istənilən səviyyədə tənzimlənməməsi isə həm sürücülərin, həm də piyadaların haqlı narazılığına səbəb olur.
Bəs nəqliyyat sahəsindəki mövcud problemlər haradan qaynaqlanır? Vəziyyətdən çıxış yolları hansılardır? Problemləri necə həll etmək olar? Bu və digər suallara cavab tapmaq üçün nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla həmsöhbət olduq.
- Bakının bəzi ərazilərində, məsələn, 3-cü mikrorayon dairəsi, Xalqalar Dostluğu metrostansiyasının qarşısı, Dakar dairəsi, “Şamaxinka” kimi ərazilərdə nəqliyyatla bağlı problemlər hər zaman olub və bu gün də həll olunmamış qalır. Bu da həm sürücülərin, həm də piyadaların haqlı narazılığına səbəb olur. Bu sahədə vəziyyəti düzəltmək üçün nə etmək lazımdır?
- Tamamilə doğrudur. Bakının elə əraziləri var ki, orada nəqliyyatın hərəkətinin tənzimlənməsinə ciddi ehtiyac var. Bunun üçünsə müxtəlif istiqamətlərdə iş aparılmalı, ilk öncə isə problemi yaradan səbəblər aydınlaşdırılmalıdır. Həmin ərazilərə kiçik bir ekskursiya etsək və araşdırma aparsaq görərik ki, mövcud problemlər ölkəmizdə, xüsusən də Bakı şəhərində nəqliyyat məsələlərinə, nəqliyyat infrastrukturunun, yol hərəkətinin inkişafına münasibətdə buraxılmış səhvlərin nəticəsidir. Sovet dövründə dəqiq konsepsiya olmasa da, şəhərsalma, tikinti məsələlərinə daha ciddi fikir verilirdi. Həmin dövrdə ictimai nəqliyyat indikindən daha çeşidli idi, tramvaylar, tolleybuslar, “qarmoşkalı” iritutumlu avtobuslar var idi. Şəbəkələşmiş sistem mövcud idi.
Müstəqillik əldə edəndən sonra bütün konsepsiyalar itirildi, nəqliyyata nəzarət itdi. Nəticədə bəzi işbazlar şəhərdə öz maraqlarına uyğun işlər görməyə başladılar. Bu işlərin də ən böyük qüsuru ondan ibarət oldu ki, şəhər sıxlaşdırıldı. Keçən əsrin 40-cı, 50-ci, 60-cı illərində tikilmiş binaların yerində yeni binalar, yeni obyektlər tikilib. Onların heç birinin nəqliyyat perspektivi, mobilliyi nəzərə alınmayıb. Yəni insanlar ora necə gələcəklər, əgər nəqliyyatla gələcəklərsə nəqliyyat harada saxlanacaq və s. Bu məsələlərin heç biri düşünülmədiyindən bu gün bu sahədə problem getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdədir.
Ümumiləşdirsək deyə bilərik ki, ən böyük problem məskunlaşma problemidir. Bakıda plansız, qaydasız, heç nə nəzərə alınmadan cəngəllik tipli məskunlaşma var. Birinci növbədə bunun qarşısı alınmalıdır.
Bakıda məskunlaşma, sıxlaşma getsə də, nəqliyyat perspektivi nəzərə alınmır, mobillik, aydın bir konsepsiya hələ də yoxdur. Nəqliyyatla bağlı problemlərin mövcud olduğu ərazilərdə, məsələn 20 Yanvar ərazisində iş görmək istəyəndə, qayda-qanun yaratmaq istəyəndə dərhal insanlar etiraz edəcəklər, deyəcəklər ki, bəs Sumqayıta necə gedək? Və yaxud məsələn, mən hansısa ticarət mərkəzinə alış-veriş etməyə gələndə necə, hansı nəqliyyat vasitəsi ilə gəlim və aldığım malları necə aparım? Bax bu cür suallar meydana çıxır. Ona görə də gələcək dövrlər üçün Bakının nəqliyyat və mobillik məsələlərini tənzimləmək, qayda-qanun yaratmaq üçün müəyyən bir konsepsiya ortaya qoymaq lazımdır.
Keçən il dekabr ayında “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illə üçün Dövlət Proqramı” qəbul olundu. Həmin proqramda belə müddəalar var ki, mobillik planları hazırlansın, paytaxt Bakının və digər yaşayış məntəqələrinin nəqliyyat perspektivi düşünülsün.
Proqramda nəzərdə tutulan məsələlər öz həllini tapsa, ictimai nəqliyyatın inkişaf etdirilməsi nəticəsində problemli ərazilərdə fərdi avtomobillərin, taksilər tədricən oradan uzaqlaşdırılacaq. Paralel olaraq müasir şəhərdə hərəkət qaydaları ilə bağlı insanlar arasında maarifləndirmə işi aparılmalıdır. Görürsünüz ki, bəzi ərazilərdə polis əməkdaşları yolu düzgün keçməyən piyadaları cərimələyir. Lakin polis olmayanda insanlar yenə həmin ərazidən keçərkən qanuna əməl etmirlər. Çünki həmin insanlar anlamırlar, dərk etmirlər ki, yol hərəkəti qaydaları onların təhlükəsizliyi üçündür. Bu qaydalara əməl etməsən şikəst qala, hətta ölə bilərsən.
Və yaxud da polis əməkdaşı taksi sürücüsünü qadağan olunmuş ərazidən uzaqlaşdırır. Polis gedən kimi həmin taksi sürücüsü yenidən maşınını həmin ərazidə saxlayır. Ona görə də ilk növbədə yol hərəkəti qaydaları ilə bağlı insanlar arasında geniş maarifləndirmə işi aparılmalıdır. İnsanlar dərk etməlidirlər ki, şəhərdə kefləri istədikləri kimi hərəkət edə bilməzlər. Ancaq və ancaq qanunlar çərçivəsində hərəkət etməlidirlər.
- Nəqliyyat sahəsində ən böyük problemlərdən biri “parkovka”, yəni, avtomobillər üçün dayanacaq yerləri ilə bağlıdır və bu problem şəhərimizdə avtomobillərin sayı artdıqca özünü daha kəskin şəkildə büruzə verir. Bununla yanaşı şəhərin mərkəzindəki bəzi ərazilərdə, məsələn, Azadlıq meydanının, Qış parkının altındakı park yerlərinin demək olar ki, yarısı boşdur. Bu həmin ərazilərdə qiymətlərin yüksək olması ilə bağlıdır, yoxsa başqa səbəbləri var?
- Bu problem bayaq da qeyd etdiyim kimi nəqliyyat sahəsində konsepsiyanın olmaması, bir-birini tamamlayan addımların atılmaması və bu sahədə nəzarətin zəif olması ilə bağlıdır. Bu gün paytaxt küçələrində dayanma və durma qaydalarının kütləvi şəkildə pozulduğunun şahidi oluruq. Sürücü də fikirləşir ki, əgər yolun kənarında maşınımı saxlaya bilərəmsə nə üçün parklama yerinə düşməliyəm və oradan da xeyli yolu piyada getməliyəm. Buna görə də insanlara başa salmaq lazımdır ki, araşdırmalar aparılıb və bu qənaətə gəlinib ki, bu ərazilərdə maşın saxlamaq olmaz, əks halda həmin ərazilərdə tıxac yaranacaq.
Yəni, səbəbləri izah olunmalıdır. Qanunun tələbinə əməl etməyən sürücülər isə kimliyindən, hansı vəzifədə işləməyindən, kimin qohumu olmasından asılı olmayaraq cərimə olunmalıdır. Əgər qanunun tələblərinə əməl etmək istəmirsənsə onda maşınla gəlmə, başqaları kimi ictimai nəqliyyatdan istifadə elə.
Bakıda nəqliyyat bumu, insanların kütləvi şəkildə avtomobil alması 2005-2006-cı illərdən başladı. Bununla əlaqədar yeni yol qovşaqları, tunellər tikildi. Bundan başqa hansısa yüksək vəzifəli bir şəxs, hansısa bir rəis maşınla gedən zaman görürdü ki, qarşısına bir neçə maşın çıxdı, onu bir az ləngitdi. Sonra gedib göstəriş verirdi ki, həmin əraziyə “Dayanmaq qadağandır” nişanı qoyulsun. Heç bir təhlil aparmadan da aparıb qoyurdular. Bir də ayıldıq ki, şəhərin hər yeri “Dayanmaq qadağandır” nişanı ilə doludur. Lakin buna heç kim əməl eləmir. Çünki dayanmağa yer yoxdur. Ancaq təhlillər aparılsaydı, məsələyə düzgün yanaşılsaydı və düzgün qərarlar çıxarılsaydı bu qədər problem də olmazdı.
- Park yerlərində qiymətlərin aşağı salınması, eyni zamanda qanunsuz maşın saxlamaya görə cərimənin artırılması problemin həllinə necə təsir edər?
- Yerüstü parklama yerlərində isə ümumiyyətlə, qiymətlər müəyyən olunmayıb, burada açıq-aşkar bir xaos hökm sürür. Yeraltı park yerlərinə gəlincə, müqayisə etsək görərik ki, bəzi hallarda maşınlar üçün nəzərdə tutulmuş yeraltı park yerlərində qiymətlər elə də yüksək deyil. İki-üç il bundan qabaq müəyyən bir qiymət formalaşmışdı. Bakı Nəqliyyat Agentliyi deyir ki, müddətlə bağlı həmin qiyməti daha da çevikləşdirəcəklər. Məlum olduğu kimi, həmin ərazidə yaşayan və işləyən insanlara müəyyən güzəştlər olur. Qiymətlərin bir qədər endirilməsi, qanunsuz parklanmaya qarşı cərimələrin artırılması isə problemi həll etməyəcək, lazımsız səs-küyə səbəb olacaq.
İyirmi gün bundan qabaq Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydasını pozan sürücülərə qarşı kütləvi cərimələr tətbiq etməyə başladı. Dərhal bəzi insanlar səs-küy aradaraq buna qarşı etirazlarını bildirdilər. Yəni, cərimənin məbləğinin artırılması, qanunu pozan sürücülərin kütləvi cərimə edilməsi prioritet olmamalıdır.
Birinci növbədə konsepsiya müəyyən olunmalı, parklanmaların təşkili qaydaları dəqiqləşdirilməli, əhalinin mobilliyi necə təyin olunması müəyyənləşdirilməlidir. Digər tərəfdən mükəmməl ictimai nəqliyyat olmalıdır. Bunlardan sonra məsələni insanlara izah etməliyik. Məsələn, deyilməlidir ki, Bülbül küçəsində maşın saxlamağa yeri yoxdur, yer olan ərazidə saxla. Əgər bununla razı deyilsənsə, maşınını qanuni dayanacaq olan başqa ərazidə saxlamaq istəmirsənsə ictimai nəqliyyatla gəl.
Sonra müəyyənləşdirmək lazımdır ki, sürücülər park yerlərinə niyə girmirlər? Tənbəl olduqları üçün, qiymətlər yüksək olduğu üçün, yoxsa cərimə ediləcəklərindən qorxmadıqları üçün. Bunu aydınlaşdırandan sonra müvafiq addımlar atmaq olar.
- Azərbaycanda 1,4 milyona yaxın avtomobil var ki, bunun da 1 milyona yaxını Bakıdadır. Paytaxt üçün bu qədər avtomobil çox deyil ki?
- Avtomobilləşmə səviyyəsi adlı bir göstərici var. Həmin göstəriciyə görə, Azərbaycanda avtomobilləşmə cəmi 12-13 faiz təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakıda rəsmi olaraq 650 min avtomobil qeydiyyatdadır. Bakıya müvəqqəti gələn avtomobillərlə birgə bu təxminən 800 min avtomobil edir. Hətta ayrı-ayrı vaxtlarda bu rəqəm milyona da gedib çıxa bilər. Onu da nəzərə almaq lazımdır ki, bu maşınların hamısı hər gün şəhərin küçələrinə çıxmır.
Müqayisə etsək görərik ki, dünyanın inkişaf etmiş ölkələrinin şəhərlərində avtomobilləşmə səviyyəsi 100 faizə yaxınlaşır. Məsələn ABŞ-ın nəhəng şəhərlərində avtomobilləşmənin 100 faizə çatdığı yerlər var. Ölkə üzrə bu göstərici isə 91 faizdir. Bakıda isə avtomobilləşmə 25, ölkə üzrə isə 12 faizdir. Belən olan halda niyə bizdə bu sahədə olan problemlər özünü daha qabarıq şəkildə büruzə verir? Görünür avtomobildən düzgün istifadə edə bilmirik, mobilliklə, yerdəyişmələrlə bağlı problemlər var.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu yaxınlarda belə bir açıqlama verdi ki, gün ərzində dərs vaxtı Bakının ərazisində təxminən 70 min avtomobil şagirdləri məktəbə aparıb gətirir. Bu böyük rəqəmdir, Bakıda qeydiyyatda olan avtomobillərin 10 faizi deməkdir.
Digər maraqlı fakt ondan ibarətdir ki, tətil günlərində pik saatları nəzərə almasaq şəhərdə demək olar ki, sıxlıq olmur. Deməli tək uşaqların məktəbə gedib gəlmə problemini həll edə bilsək Bakıda nəqliyyatın sıxlığını xeyli dərəcədə azaltmış olarıq.
Böyük dövlət qurumları var ki, burada yüzlərlə işçi çalışır. Onların çoxunun da avtomobili var. Yaxşı olar ki, avtobus təşkil olunsun və işçilər işə həmin avtobusla gedib gəlsinlər. Bu, şəhərdə nəqliyyat sıxlığını azaltmaqla yanaşı həmin işçilər üçün də sərfəlidir.
- Bir çoxları məsələyə pessimist yanaşır. Deyirlər ki, nəqliyyat sahəsində problemlər düzələn deyil, sürücülərin çoxu mədəniyyətsizdir, heç kəs qanuna əməl etmək istəmir və s. Doğrudanmı vəziyyət bu qədər qəlizdir, pessimist olmağa nə qədər əsas var?
- Bəli, pessimist olmağa müəyyən qədər əsaslar var. Çünki 28 ilə yaxındır ki, müstəqil dövlət olsaq da, bir çox sahələrdə, o cümlədən nəqliyyat sahəsində problemlər həll olunmamış qalır. Çünki bunu həyata keçirməli olan qurumlar bu işlə konseptual məşğul olmurlar. İşə səhlənkar yanaşırlar. Götürək elə sürücü hazırlığını. Azərbaycanda sürücü hazırlığı, yol hərəkətinin təşkili məsələlərinə yanaşma keçən əsrin 70-ci illəri səviyyəsindədir. Piyadalarla aparılan təbliğat-təşviqat üsulları da çox köhnədir, istənilən effekti vermir.
Dəyişikliklərə birinci düşüncələrdə başlamaq lazımdır. Yaxşı iş ortaya qoymaq və cəmiyyəti bunun müsbət, faydalı olmasına inandırmaq lazımdır. Hər şey cəmiyyət üçün olduğu üçün cəmiyyətin bu işdə yaxından iştirakı təmin olunmalıdır. Lokomotiv, dartıcı qüvvə isə dövlər orqanları olmalıdır. Yalnız cəmiyyətlə dövlət qurumların birgə səyi ilə mövcud problemləri aradan qaldırmaq mümkündür.
1news.az