İranda sel və daşqınlardan ölənlərin sayı artıb
İranın müxtəlif vilayətlərində baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.
1news.az xəbər verir ki, İranın Tibbi Ekspertiza Təşkilatının fövqəladə hallar üzrə direktor əvəzi Mehrdad Əli Bəxşi bildirib ki, Fars vilayətinin Şiraz şəhərində 18 nəfər, Xuzistan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 1 nəfər, Gülüstan vilayətində 3 nəfər, Lorestan vilayətində 2 nəfər və Simnan vilayətində 1 nəfər həlak olub.
Ə.Bəxşi əlavə edib ki, güclü yağıntıların ilk günlərində Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətlərində də 9 nəfər dünyasını dəyişib.
Xatırladaq ki, 10 gün ərzində İranda davam edən güclü yağıntılar daşqınlara səbəb olub. Bəzi şəhər və kəndlər su altında qalıb. Gülüstan vilayətinin Gümüşan və Siminşəhr şəhərləri boşaldılıb.
1news.az