113 milyondan çox insan kəskin aclıqla mübarizə aparır - BMT
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan çox insanın kəskin aclıqla yaşadığını bildirib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, FAO-nun ərzaq böhranına dair hazırladığı 2019-cu il qlobal hesabatına görə, dünya əhalisinin üçdə ikisi aclıq təhlükəsinə məruz qalır. Bu insanların əksəriyyəti Yəmən, Demokratik Konqo Respublikası, Əfqanıstan və Suriya kimi müharibə ilə üzləşən ölkələrdə yaşayır.
Afrika ölkələri də FAO-ya görə bu problemdən nisbətsiz bir şəkildə təsirlənir. Qitədəki təxminən 72 milyon insan kəskin aclıqla yaşayır. Hesabata görə, qarşıdurmalar və təhlükəsizlik bunun əsas səbəbləri olsa da, iqtisadi silkələnmə və iqlim dəyişikliyinə bağlı quraqlıq və sel kimi faktlar da mühüm dərəcədə təsir göstərir.
FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon hesab edir ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin təxminən 80%-i əkinçiliklə məşğuldur.
D.Burgeon bu ölkələrin həm təcili humanitar yardıma, həm də kənd təsərrüfatını dəstəkləməyə kömək edəcək tədbirlərə ehtiyacı olduğunu deyir. O, Venesuelada davam edən siyasi böhrana da diqqət çəkərək yarana biləcək bir ərzaq böhranı barədə xəbərdarlıq edib.
Hesabat qlobal səviyyədə aclıqla bağlı çox az bir yaxşılaşma olduğunu da göstərir. Belə ki, 2017-ci ildə 124 milyon insan kəskin aclığa məruz qalıb.
FAO 100 milyon insanın aclıqla üzləşdiyinə dair illərdir davam edən vəziyyətin dəyişməsinin mümkünsüzlüyü barədə xəbərdarlıq edir.
1news.az