Çempionlar Liqasında yeni rekord
Məlum olduğu kimi, futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin "Mançester Siti" və "Tottenhem" klubları arasında keçirilən cavab oyununda meydan sahibləri 4:3 hesabıyla qalib gəldilər.
1news.az Komanda.az-a istinadən xəbər verir ki, bu oyun bir sıra rekordlarla yadda qalıb. Belə ki, matçda ilk 4 qol 11-ci dəqiqəyə qədər vurulub ki, ÇL tarixində bu müddət ərzində belə məhsuldarlıq qeydə alınmamışdı.
21-ci dəqiqədə isə beşinci qol qeydə alındı ki, bu da ÇL tarixində yeni rekorddu. Bundan əvvəlki rekord 2016-cı ildə baş tutmuş "Borussiya" (Dortmund, Almaniya) - "Legiya" (Polşa) matçında qeydə alınmışdı (24-cü dəqiqədə 3:2).
Xatırladaq ki, ilk oyunda minimal hesabla qalib gəlmiş "Tottenhem" cavab matçında uduzsa da, səfərdə daha çox qol vurması sayəsində yarımfinala yüksəlib.
1news.az