Finalın səfirləri Moskvada azarkeşlərlə görüşüb – FOTO
Rusiyanın paytaxtı Moskvadakı "Aviapark" ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqasının “KİA Kubok Turu” keçirilir.
1news.az-ın məlumatına görə, tədbirin ilk günündə rusiyalı tanınmış futbolçu Andrey Arşavin, bu gün isə turnirin bu il mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasının səfirləri – futbol veteranı Vəli Qasımov və hazırda Samara şəhərinin "Krılya Sovetov" klubunda çıxış edən, Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov iştirak edib.
Sərgidə iştirak edən azərbaycanlı tələbələrlə görüşən futbolçular onların suallarını cavablandırıb, futbolla bağlı maraqlı fikir mübadiləsi aparıblar. Sonra görüş futbol azarkeşləri ilə daha geniş formatda davam etdirilib.
Vəli Qasımov və Aleksandr Səmədov çıxış edərək Bakıda keçiriləcək final oyununun nəinki Azərbaycanda, ümumilikdə regionda futbolun inkişafına təkan verəcəyini və futbola marağın artmasına müsbət təsir göstərəcəyini bildirib.
UEFA Avropa Liqası Final 2019-un səfirlərinin avtoqraf mərasimi və azarkeşlərlə xatirə şəkilləri çəkdirməsindən sonra viktorina keçirilib. Qalib Bakıda keçiriləcək final oyununa bilet qazanıb
UEFA Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib. Martın 9-dan İsveçrənin Cenevrə şəhərindən başlayan kubok səyahəti 22-23 martda İspaniyanın Sevilya, 29-30 mart tarixlərində Almaniyanın Berlin, aprelin 5-də və 6-da İngilətərənin paytaxtı London, 12 apreldə isə İtaliyanın Milan şəhərində davam edib.
Mayın 10-da Fransa paytaxtı Parisdə olacaq UEFA Avropa Liqası kuboku mayın 16-dan etibarən yenidən Bakıya gətiriləcək və final gününə qədər ölkəmizdə olacaq. UEFA Uşaq Fondu ilə birgə keçirilən kubok turu, eyni zamanda, xeyriyyə məqsədi daşıyır. Kubokun sərgiləndiyi şəhərlərdə toplanan futbol ayaqqabıları İordaniyada məskunlaşmış yeniyetmə və gənc Suriya qaçqınlarına veriləcək.
1news.az