Paşinyan təşvişdə: Rusiya səfiri XİN-ə çağırıldı
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiya sədri Ruben Rubunyan bildirib.
“Bu gün Rusiya səfiri ilə Koçaryanın görüşünün də müzakirə edildiyi xarici əlaqələr komissiyasının iclasından sonra mən xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışdım. Nazir mənə səfirin XİN-ə çağırıldığını və onunla Ermənistanın daxili işlərinə müdaxilə kontekstində söhbət aparıldığını deyib”, Rubinyan vurğulayıb.
Ermənistan XİN-in mətbuat katibi səfirin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.
Xatırladaq ki, iyunun 13-də Rusiyanın Kopırkin ikinci prezident Robert Koçaryanla görüşüb. Görüş Koçaryanın ofisində bir saatdan çox təklikdə davam edib.
Bundan sonra səfirlik açıqlama verərək, Kopırkinin Koçaryanla ictimai, siyasi və işgüzar dairələrin nümayəndələri ilə müntəzəm görüşlərin bir hissəsi kimi bir araya gəldiyini deyib.
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan jurnalistlərə Rusiya səfirinin Robert Koçaryanla görüşünü alqışlmadığını deyib:
"Mən bu görüşü alqışlamıram. Hər hansı bir ölkənin səfiri siyasi sahənin bütün spektrinin nümayəndələri ilə görüşə bilər, burada isə başqa bir məqam var - bu insana qarşı irəli sürülən ittihamlar onu təmiz siyasi sahədən kənarlaşdırır. Burada söhbət bir çox başqa xüsusiyyətlərdən, maraqlardan gedir, buna görə də qəbul etmirəm. Yəni, mən Robert Koçaryanı siyasi xadim, siyasi sahəni təmsil edən biri kimi görmürəm, əks halda, Rusiya səfiri və yaxud digər səfirlə ünsiyyəti alqışlayardım”.
P.Sultanova