DİN Əli Kərimliyə xəbərdarlıq edilməsinin səbəbini açıqlayıb – RƏSMİ – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimliyə xəbərdarlıq edilməsi ilə bağlı məlumat yayıb.
DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən birgə məlumatda qeyd olunur ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.
İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb.
13.55
Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.
Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.
S.Xankişiyeva