Aşotyandan çağırış: Paşinyanın əlini qlobusdan götürün
Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan Asiya ölkələrinə səfərə yollanmış baş nazir Nikol Paşinyanı “siyasi turizm”də günahlandırıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Aşotyan Ermənistan üçün ən əhəmiyyətli dövlət bayramlarından birində - konstitusiya günündə Paşinyanın Vyetnama, daha sonra isə Sinqapura gedəcəyini vurğulayıb:
“Əminəm ki, heç bir ciddi gündəm yoxdur və bu səfər daha bir turizm səfərinə çevriləcək. Siyasi turizm bütün səviyyələrdə - baş nazir, millət vəkilləri və s.- bu hakimiyyətin ən sevimli məşğuliyyətlərindən biridir".
Aşotyan maraqlı olan başqa bir məsələyə də diqqət çəkib: "Belə görünür ki, Paşinyanın özü tərəfindən icad edilən vətəndaşlar günündə o, Ermənistanda qalır, "BBQ party" təşkil edir və Pekində İpək Yolu kimi vacib forumda iştirak etmir, konstitusiya günündə də ölkəni tərk edib, məlum olmayan məqsədlərlə Vyetnam və Sinqapura səfərə gedir.
Mən hələ də baş nazirin yanında qaldıqlarına ümid etdiyim dövləti düşünən insanlardan xahiş edirəm ki, onun əlini qlobusdan götürsünlər. Yaxud da, məşhur lətifədə deyildiyi kimi, Paşinyanın və komandasının bizim hesabımıza mənasız səfərlərini dayandırmaq üçün Ermənistan üçün qlobus sifariş versinlər”.
P.Sultanova