Ermənistan ordusunda intihar və cinayət halları artıb
Son günlər Ermənistan ordusunda intihar və cinayət halları artıb.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu ölkənin İstintaq Komitəsi Volodya Qaloyan adlı hərbi qulluqçunun avtomat silahla öz əsgər yoldaşını öldürmək istədiyini bildirib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş vermiş bu insidentin təhqiqatı zamanı aydın olub ki, atəş açdıqdan sonra qaçan həmin hərbi qulluqçu digər əsgər tərəfindən güllələnib.
Həmin gün digər insident isə paytaxt Yerevanda baş verib. İstintaq Komitəsinin mətbuat katibi Naira Aryutunyan jurnalistlərə bildirib ki, Rusiyanın Ermənistanda dislokasiya olunmuş sərhəd qoşunlarında kontrakt əsasında xidmət edən 30 yaşlı erməni hərbi qulluqçu yaşadığı bağ evində özünü asaraq intihar edib. O əlavə edib ki, hərbçinin cəsədi üzərində məhkəmə-tibbi ekspertiza aparılır. Hadisənin səbəbinin həmin şəxsin həmkarlarına külli miqdarda borcu olmasıdır.
1news.az