14 namizəd işğal altında olan Şuşadan deputatlıq uğrunda mübarizə aparacaq – SİYAHI

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə maraq olduqca böyükdür. Bu isə əsasən deputatlığa namizədliklərini verənlərin sayının çoxluğu və əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkilərin daha ədalətli və şəffaf şəkildə keçiriləcəyinə inamın yüksək olması ilə bağlıdır.
Görünür işğal altında olan rayonlardan da deputatlıq uğrunda ciddi mübarizənin şahidi olacayıq. Həmin rayonlardan namizədliklərini verənlərin sayının çox olması belə düşünməyə əsas verir.
Xatırladaq ki, bu yaxınlarda Xankəndidən deputatlıq uğrunda mübarizə aparacaq şəxslərlə bağlı material dərc etmişdik (bax: 9 namizəd işğal altında olan Xankəndidən deputatlıq uğrunda mübarizə aparacaq – SİYAHI).
Bu dəfə isə Şuşa – Ağdam – Xocalı – Xocavənd seçki dairəsindən deputat seçilmək istəyənlərə bağlı material hazırlamaq qərarına gəldik.
Nəzərinizə çatdıraq ki, Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd seçki dairəsindən 14 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Erməni işğalının davam etməsi ilə əlaqədar adları çəkilən rayonlarda seçki kampaniyasının aparılmasının mümkünsüzlüyünə baxmayaraq, bu qədər sayda namizədin irəli sürülməsi seçki prosesinin şəffaf və demokratik xarakter daşıdığından, namizədlər arasında güclü rəqabətdən xəbər verir.
Bununla yanaşı qeyd edək ki, bu dairədən ən gənc namizədin 25, ən yaşlı namizədin isə 70 yaşı var. Deputatlığa namizdəliyini verənlərdən 3-ü qadınır.
Namizədlər arasında əvvəl deputat olmuş yeganə şəxs Məmmədov Elman Camal oğludur. Onun namizədliyi üzvü olduğu Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Bundan başqa deputat adına iddia edənlər arasında hüquqşünas, jurnalist, iqtisadçı, hətta pensiyaçı və təmizlik işçisi də var. Bir nəfərin isə işləmədiyi qeyd olunub.
Beləliklə, 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd seçki dairəsindən 14 nəfər deputatlığa namizəd haqqında məlumatı nəzərinizə çatdırırıq:
Abdullayev Elçin Abdulla oğlu - 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. “VAS Contact” MMC-nin direktorudur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Abdullayev Etibar Məmməd oğlu - 1969-cu ildə Şuşa şəhərində anadan olub. Hüquq müdafiəçisidir. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Bayramov Rasim Məzahir oğlu - 1979-cu ildə Əskəran rayonunda anadan olub. “Mövqe qəzeti” MMC-nin baş redaktorudur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Əliyev Elçin Qadir oğlu - 1969-cu ildə Xocavənd rayonunda anadan olub. Pensiyaçıdır. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Əliyev Mübariz Yaqub oğlu - 1959-cu ildə Füzuli rayonunda anadan olub. Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının professorudur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Həmid-zadə Fidan Hacıbala qızı - 1987-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Mustəqil ekspert-konfliktoloqdur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Quliyev Təbriz İbrahim oğlu - 1994-cü ildə Bakı şəhərində anadan olub. Report İnformasiya Agentliyinin müxbiridir. Namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülüb. VHP-nin üzvüdür.
Quliyeva Kəmalə Rəfail qızı - 1984-cü ildə Xocalı şəhərində anadan olub. Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin təmizlik işçisidir. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Məmmədov Elman Camal oğlu - 1950-ci ildə Xocalı şəhərində anadan olub. Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. YAP-ın üzvüdür.
Novruzlu Tural Nadir oğlu - 1995-ci ildə Oğuz şəhərində anadan olub. İşləmir. Namizədliyi “Ana Vətən” Partiyası tərəfindən irəli sürülüb. AVP-nin üzvüdür.
Orucov Sərraf Vəliş oğlu - 1968-ci ildə Sabirabad şəhərində anadan olub. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidentidir. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Süleymanlı Elxan Bəhmən oğlu - 1965-ci ildə Şuşa şəhərində anadan olub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilidir. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Usubov Pərviz Abid oğlu - 1979-cu ildə Ağdaş şəhərində anadan olub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Əhalinin siyahıyaalma qrupunun aparıcı iqtisadçısıdır. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Zülfüqarova Aynur Vaqif qızı - 1972-ci ildə Ağdam şəhərində anadan olub. “Xəzər Universiteti Dünya məktəbi” MMC-nin müəllimidir. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir.
Xatırladaq ki, ötən ilin noyabrın 28-də “Yeni Azərbaycan” Partiyasının iclası keçirilib. İclas zamanı partiyanı təmsil edən deputatlara Milli Məclisin (Parlament) buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyyə olunub.
Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin Konstitusiyaya uyğunluğu üzrə buraxmasına dair qərar qəbul edib.
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci ilin fevralın 9-na təyin edilib.
Mövzu ilə bağlı:
“Kimi istəyirsən seç”: Azərbaycanda 2020-ci il seçki kampaniyasının xüsusiyyətləri – FOTO
29 saylı seçki dairəsində vəziyyət gərginləşir: MSK Bəxtiyar Hacıyevə xəbərdarlıq edib – FOTO
9 namizəd işğal altında olan Xankəndidən deputatlıq uğrunda mübarizə aparacaq – SİYAHI
Babək Cahandarov