Alp dağlarında faciə: 5 nəfər öldü
Martın 8-də Avstriyanın Daxştayn regionunda qar uçqunu baş verib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, dəniz səviyyəsindən 2800 metr yüksəklikdə baş verən uçqun nəticəsində üçü qadın, ikisi kişi olmaqla beş Çexiya vətəndaşı qar altında qalıb. Altı helikopterin müşayiət etdiyi çoxlu sayda xilasedici hadisə yerində xilasetmə əməliyyatına cəlb olunsa da, qar uçqunu altında qalan şəxslərin həyatını xilas etmək mümkün olmayıb.
Ekspertlərin rəyinə görə, hava şəraitinin mülayim keçməsi Alp dağlarında qar uçqunu təhlükəsini artırır. Hadisə baş verərkən yaxındakı şahidlər xilasediciləri vaxtında xəbərdar edə biliblər. Lakin eni 150-200 metr olan bu uçqunun dağ yamacında olduqca maili şəkildə hərəkəti turistlərin vaxtında tapılmasını mümkünsüz edib.
Yuxarı Avstriya Dağ Xilasediciləri İdarəsinin rəhbəri Xristof Praymesberqer günəşli və gözəl havada dağlarda tura çıxanları və xizək sürənləri xüsusilə diqqətli olmağa çağırıb. Məhz belə hava şəraitində mülayim temperaturun qar örtüyünə təsiri bədbəxt hadisələrə yol açır.
1news.az