Tokio 2020 Yay Paralimpiya Oyunlarının keçiriləcəyi tarix açıqlandı – RƏSMİ
Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsons Milli Paralimpiya Komitələrinə məktubla müraciət edib.
1news.az-ın məlumatına görə, müraciətində BPK prezidenti bildirib ki, Tokio 2020 Yay Paralimpiya Oyunları 24 avqust – 05 sentyabr 2021-ci il tarixlərində keçiriləcək. Məktubda deyilir:
“Əziz dostlar,
Çox böyük məmnuniyyətlə sizə çatdırmaq istəyirəm ki, Tokio 2020 Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirilərək 24 avqust – 05 sentyabr 2021-ci il tarixlərinə təyin olunub.
Paralimpiya Oyunlarının yeni tarixlərinin tez bir zamanda müəyyənləşdirilməsi vacib addım idi, cünki Oyunlara hazırlıqlar və planlaşdırma işləri davam etməlidir. Yeni tarixlərin müəyyənləşməsi idmançılarımıza müəyyənlik, tərəfdaşlarımız və üzvlərimizə isə əminlik hissi verir. Bu bütün dünya üçün gələcəyə ümidlə baxmaq üçün çox önəmlidir.
Yeni tarixlər təyin olunduğundan, Beynəlxalq Paralimpiya Komitəsi bütün Beynəlxalq Federasiyalar ilə birlikdə yeni təsnifat şərtlərini hazırlayacaq. Tokio 2020 Paralimpiya Oyunlarına artıq lisenziya qazanmış idmançılar və kvota yerlər olduğu kimi qalacaq.
Tokio 2020 Paralimpiya Oyunlarına 512 gün qədər zaman qalıb. İndi dövrün çox çətin bir dönəm olduğunu nəzərə alaraq, O zamana qədər sizə öz və ailə üzvlərinizin, dostlarınızın sağlamlığına diqqət etməyinizi xahiş edirəm”.
1news.az