Nigar Arpadarai: Hazırki zamanda Avropa Şurasının nüfuzu əvvəlki illərlə müqayisədə aşağı düşüb | 1news.az | Xəbərlər
Siyasət

Nigar Arpadarai: Hazırki zamanda Avropa Şurasının nüfuzu əvvəlki illərlə müqayisədə aşağı düşüb

14:02 - 08 / 06 / 2020
Nigar Arpadarai: Hazırki zamanda Avropa Şurasının nüfuzu əvvəlki illərlə müqayisədə aşağı düşüb

Cənab Prezidentin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlərdən biri Avropa Şurasının beynəlxalq müstəvidə nüfuzunun və əhəmiyyətinin aşağı düşməsi ilə bağlıdır.

Dövlət başçısı bunu Avropa Şurasını daxildən tanıyan, vaxtilə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, AŞPA sədrinin müavini və Büro üzvü olan bir insan kimi söyləyir. Biz səmimi söyləməliyik ki, 90-ci illərin sonu 2000-ci illərin əvvəli olan Avropa Şurası ilə indi gördüyümüz Avropa Şurası iki müxtəlif qurumdur. Hazırki zamanda Avropa Şurasının nüfuzu müqayisədə aşağı düşüb.

Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin yeni üzvü olaraq hesab edirəm ki, həm ölkələr, həm nümayəndə heyətləri, həm də ayrı-ayrı deputatlar bu nüfuzu qaytarmağa çalışmalıdırlar. Lakin bunun üçün lazımdır ki, Avropa Şurası Avropanın səsi olsun. Lazimdır ki, bu kolleqial forum böyük diskussiya və kompromislər platforması kimi çalışsın. Təəssüf ki, son illər Avropanın öz daxilində mövcud problemlərinə o qədər başı qarışıb ki, hazırda ölkəmiz və regionumuzla bağlı heç bir plan və ya strategiya yoxdur. Nəticədə, şəxsi maraqları olan, üçüncü tərəflər üçün çalışan müxtəlif marginal funksiyanı daşıyan şəxslər Avropa adından danışmaq hüququnu mənimsəyiblər və bu platforma müxtəlif siyasi spektdən regional, konyunktural və ksenofobik motivlərdən olan marginal funksiyanı daşıyan insanlar üçün bir müstəviyə çevrilib. Bunun nəticəsində Azərbaycan bəzən bu insanların intriqalarının obyektinə çevrilir.

Deputat olaraq öz rolumu onda görürəm ki, cənab Prezidentin sözlərini rəhbər tutaraq bu vəziyyətin bizim xeyrimizə dəyişməyi üçün əlimdən gələni edim.

Avropa Şurası, Avropa ölkələrini və xalqlarını ortaq dəyərlər ətrafında bir araya gətirməyə çağırır, bunlardan əsasını insan hüquqları, plüralist demokratiya və qanunun aliliyi təşkil edir. Cari mandat Varşavada 2005-ci ildə qəbul edilmiş və ayrı-seçkilik, ksenofobiya, dözümsüzlük, ətraf mühitin çirklənməsi, uşaqlara qarşı sui-istifadə, terrorizm, korrupsiya və mütəşəkkil cinayətkarlıq ilə mübarizə və s. kimi vəzifələri özündə cəmləşdirmişdir. Lakin 2005 ilə 2020 arasında cəmi bir neçə il keçməsinə baxmayaraq, dünya köklü şəkildə dəyişdi və Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir.

Qarşımızda duran əsas məqsədlərdən biri də bu Avropa Şurasının qəbul etdiyi missiyanın yenilənərək , gündəmimizin tələblərinə cavab verməsidir. İndi baş verən dəyişikliklərin sürəti o qədər böyükdür ki, beynəlxalq təşkilatlar da eyni yerdə durmamalıdır. Biz də bu istiqamətdə çalışmalıyıq, çünki Azərbaycan AŞ-da Üzv dövlətlərdən biridir.

Nigar Arpadarai

Milli Məclisin Deputatı

Paylaş:
1071

Son xəbərlər

Bütün xəbərlər