Həkim Lalə İbrahimova: Rahat nəfəs almağı arzulayan xəstələrin əzabına baxmaq çox çətindir
Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının həkimi Lalə İbrahimova koronavirus pandemiyası zamanı görünməyən düşmənlə döyüşün ön sıralarındadır.
İxtisasca nevroloq olan Lalə İbrahimova son zamanlar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməyə başladığını nəzərə alaraq, bir çox həkimlər kimi, bu mübarizəyə cəlb olundu. Lalə İbrahimova COVID-19 ilə mübarizəyə qoşulan könüllü həkimlər arasındadır.
1news.az Mərkəzi Gömrük Xəstəxanasındakı ağır xəstələrdən, virusun yayılması ilə bağlı vəziyyətdən və yaxınlarından uzaq yaşaması barədə Lalə İbrahimova ilə söhbət edib.
“İyunun 11-dən koronavirusa yoluxmuş xəstələri qəbul etməyə başlamış Mərkəzi Gömrük Xəstəxanasında işləyirəm. Bir çox həkim yoldaşlarım kimi, könüllü olaraq bu virusa qarşı mübarizəyə qoşuldum.
İxtisasca həkim-nevroloqam. Hazırda ölkədə COVİD-19 ilə bağlı vəziyyət çox çətindir, buna görə də bu virusa qarşı mübarizəyə digər ixtisasların həkimləri də qoşulub.
Palatalarımız doludur. Qarşılaşdığımız vəziyyət həqiqətən də dəhşətlidir. Mərkəzi Gömrük Xəstəxanasında çox güclü reanimasiya briqadası var, buna görə ağır və çox ağır vəziyyətdə olan xəstələri qəbul edirik.
8 saat işləyirəm. Bütün bu müddətdə havanın keçməsinə imkan verməyən qoruyucu kombinizonlardayıq. Üz sipəri və gözlük çox sıxır və ciddi narahatlığa səbəb olur. Sadəcə rahat nəfəs almağı xəyal edən xəstələrin əzabına baxmaq çox çətindir.
Xəstəxanamızın həkimlərinin WhatsApp-da ümumi bir qrupu var və orada hətta istirahət zamanı daim xəstələrin vəziyyəti ilə bir-birimizlə yazışırıq, növbədə olanlardan xəstələrlə bağlı soruşuruq. Bizi ən çox narahat edən öz narahatlığımız deyil, xəstələrin vəziyyətidir. Təbabətə məlum olmayan, xüsusi müalicəsi olmayan, insanlara ötürülən və yüksək sürətlə mutasiya edən yeni bir virus növü ilə qarşılaşmışıq. Bu çox dəhşətli mənzərədir.
COVID-19-a yoluxmuş xəstələrlə işləyən həkimlər təcrid olunmalıdırlar. Ailələrimizə təhlükə yaratmamaq üçün onlarla qala bilmərik. Buna görə də, mən digər həkimlər kimi ailəmdən ayrı yaşayıram. Əlbəttə ki, bu, psixoloji baxımdan da çətindir.
Hamı kimi, yoluxmaqdan da qorxuram. Qırmızı zonada qoruyucu örtüklər çıxardıqda xüsusilə stress yaşayırıq. Psixoloji cəhətdən çox gərginik.
Həkim-həmkarlarım, eləcə də sadəcə dostlarım, tanışlarım, xəstələr mənə yazırlar. Onların hamısı vəziyyətlə maraqlanır və bizdən çox narahat olduqlarını qeyd edirlər. Onların arasında koronavirusa əvvəlcə inanmayanlar da var idi. Ancaq məni tanıdıqlarına və inandıqlarına görə hər şeyin çox ciddi olduğuna inanırlar və daha ehtiyatlı olmağa başladılar. Düzünü deyim, xəstələrimə yoluxmamışdan əvvəl koronavirusa inanıb-inanmamaları ilə maraqlanmadım.
Təəssüf ki, virusun varlığına hələ də inanmayanlar var. Həmin insanlar sosial şəbəkələrin köməyi ilə yalan məlumatlar yayırlar ki, bu da əhalidə çaşqınlıq yaradır. İnsanlara yalnız rəsmi strukturların yaydığı məlumatlara – ÜST, TƏBİB, Operativ Qərargaha etibar etmələrini məsləhət görərdim.
Mütləq şəkildə maska taxın, sosial məsafəni qoruyun, əllərinizi yuyun. Əllərin təmizliyinə əmin deyilsinizsə, heç bir halda burnunuza, ağzınıza və ya gözünüzə toxunmayın. Əlbətdə, karantin qaydalarına riayət etmək lazımdır və xüsusi ehtiyac olmadıqda evlərinizi tərk etməyin. Bütün bu tələbləri yerinə yetirən insanlar işlərimizi qiymətləndirən, özləri və Azərbaycan xalqı naminə bu əziyyətə qarşı mübarizəyə qoşulmuş məsuliyyətli vətəndaşlardır.
Qadın futbol komandasında çalışıram. Futbolda bir ailəyik. Lakin ailədən uzaqlaşdıqda, cansıxıcı olur. Ancaq indi vəziyyət belədir ki, bizi yalnız xəstələrin vəziyyəti narahat edir. Arzu edirəm ki, tezliklə bu çətin günləri geridə qoyub, komanda ilə məşqlərə qayıdaq və xoşbəxt həyatımızı yaşamağı davam edək”.
Mövzu ilə əlaqədar oxuyun:
Dünyada COVID-19-la bağlı növbəti həyəcan siqnalı: yumşaltmalar yeni yoluxmalara səbəb oldu
Tərcümə: S.Xankişiyeva