“Bir çağırışınızla milyonlarla türk gənci Sizin yanınızda olacaq” – Türk gəncindən Prezidentə məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Goranboy Rayon Gənclər və İdman İdarəsinin kollektivindən, Goranboy, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Heç kəsə sirr deyil ki, Azərbaycan Ordusu istər regionda, istərsə də bütün dünyada ən qabaqcıl ordularla rəqabətə girəcək potensialdadır. Azərbaycan Ordusu dövlətin dayağı, Xalqın güvənc yeridir. Son günlər Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalçılarına vurduğu sarsıdıcı zərbələr ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyirik. Xalqımız şanlı Azərbaycan ordusu ilə fəxr edir, qürur duyur.
Cənab Ali Baş Komandan, biz goranboylu gənclər Sizə inanırıq və hər zaman torpaqlarımız uğrunda döyüşə atılmağa hazırıq”.
Çingiz İbrahimovdan, Göyçay, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mən bir gənc olaraq, Sizin ölkəmizin daha da güclənməsi, daha da inkişaf etməsi, ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində gördüyünüz misilsiz işləri, xidmətləri dəstəkləyir, alqışlayır və bu fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına aldı. Şanlı ordumuz ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnika və canlı qüvvəsini məhv etdi, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin qanını yerdə qoymadı.
Cənab Ali Baş Komandan, biz YAP gəncləri Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və Sizin əmrinizlə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, işğal altındakı bütün torpaqlarımızı Allahın izni ilə və Sizin rəhbərliyinizlə tezliklə düşmən tapdağından azad edəcəyik və şanlı bayrağımız doğma torpaqlarımızda dalğalanacaq”.
Nuranə Məmmədovadan, Şamaxı, Azərbaycan
“Hörmətli cənab Prezident.
İyulun 12-də dövlət sərhədimizə silahlı müdaxilə edən Ermənistan silahlı qüvvələrinin hərbçilərimiz tərəfindən susdurulması Azərbaycan ordusunun gücünü bir daha bütün dünyaya göstərdi.
Bütün dünya Azərbaycan xalqının hər bir nümayəndəsində döyüş əzmi, qələbə ruhu gördü.
Sizin çıxışlarınız bu çətin günlərdə xalqı birləşdirdi, bir olub yağı düşmənə torpaq verməyəcəyini göstərdi.
Cənab Prezident, haqq mübarizənizdə Sizinləyik”.
Məhərrəm Fəqanidən, Qubadlı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ermənistan silahlı qüvvələri iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı.
Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərini və Sizin ətrafınızda sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici siyasi güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini şübhə altına ala bilməz. Sizinlə qürur duyuruq, cənab Prezident. Allah Sizi qorusun”.
Bəsti Hünbətovadan, Biləsuvar, Azərbaycan
“Möhtərəm cənab Prezident.
İnanırıq ki, Sizin rəhbərliyinizlə düşmən ölkənin təxribatının qarşısını alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. Torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Biz Sizə inanır və Sizinlə fəxr edirik. Bir azərbaycanlı ana kimi dualarımız həmişə Sizinlədir”.
Elmar Quliyevdən, Zəngilan, Azərbaycan
“Hörmətli cənab Prezident.
YAP Gənclər Birliyinin üzvü olaraq Sizə təşəkkür edirəm. Ona görə ki, Siz hər zaman xalqın yanındasınız. Məhz buna görə də, Azərbaycan xalqı Sizi ürəkdən sevir, Sizə inanır və Sizi dəstəkləyir. Azərbaycan Silahlı Qüvvələri Sizin əmrinizlə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.
Canəli Hörmətovdan, Qusar, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son günlər Tovuz rayonu istiqamətində baş verən hadisələr Qusar rayonunda yaşayan Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin narahatlığına səbəb olmuşdur. Biz - Qusarda yaşayan Qarabağ müharibəsi iştirakçıları müharibə başladığı təqdirdə torpaqlarımızın azadlığı və bütövlüyü naminə ön cəbhədə döyüşməyə hazırıq”.
Ali Arslandan, İstanbul, Türkiyə
“Hörmətli cənab Prezident.
İlk öncə son döyüşlərdə verdiyiniz şəhidlərə görə Sizə və Azərbaycan xalqına başsağlığı diləyir, məkanlarının cənnət olmasını arzulayıram. Doğma torpaqlar uğrunda haqlı mübarizənizdə hər zaman yanınızda olduğumu bildirirəm.
Türk xalqı bütün sahələrdə və hazırkı mübarizənizdə Sizi tam dəstəkləyir və hər zaman dəstəkləyəcəkdir. Bu müraciətlə də bir türk gənci kimi, mübarizənizdə iştirak etmək əzmində olduğumu bildirirəm. Əminəm ki, bir çağırışınızla minlərlə, hətta milyonlarla türk gənci Sizin yanınızda olduğunu bəyan edəcək.
Allah bir millət, iki dövlət olan millətimizə çətinlik göstərməsin”.
Əbil Zeynalovdan, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Qarabağ müharibəsi veteranları olaraq sərhədlərimizdə təxribat törədən düşmənə layiqli cavab verildiyinə görə Sizə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ailələrinə, həmçinin xalqımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirik.
Cənab Ali Baş Komandan, biz müharibə veteranları, həmçinin məcburi köçkünlər Sizin siyasətinizi dəstəkləyirik və iğtişaş yaratmaq istəyənləri pisləyərək, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün hər an əmrinizə hazır olduğumuzu bildiririk. Qələbə sevincini yalnız Sizin rəhbərliyinizlə yaşayacağımıza əminik”.
Hüseyn Oruczadədən, Ağdam, Azərbaycan
“Hörmətli cənab Prezident.
Qüdrətli ordumuz aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerdə qoymamışdır. Yeni Azərbaycan Partiyasının fəalı olaraq Sizin iradənizə, siyasətinizə, zəkanıza hər zaman güvənirəm və hər an döyüş əmrinizə hazıram. İnanıram ki, Sizin rəhbərliyinizlə torpaqlarımızı tez bir vaxtda düşmən işğalından azad edəcəyik və şanlı üçrəngli bayrağımız Qarabağda, Zəngəzurda, İrəvanda dalğalanacaqdır. Qələbə bizimlədir. Allah Sizə yar olsun”.
Mürsəl Əliyevdən, Gəncə, Azərbaycan
“Hörmətli cənab Prezident.
Torpaqlarımızın bütövlüyü uğrunda apardığınız mübarizəni alqışlayır, doğma yurdumuzun işğaldan azad edilməsi üçün hər an hazır olduğumu bildirmək istəyirəm.
Ehtiyatda olan hərbçi olsam da, bu günlər özümü əsgərlərimizin yanında hiss edirəm. Uzun illər boyu qazandığım təcrübəni paylaşmaq mənim Vətən qarşısında borcumdur.
Cənab Ali Baş Komandan, mən və ailə üzvlərim - müəllim işləyən qızlarım, iqtisadçı oğlum və tibb işçisi olan həyat yoldaşım uzun illərdir ki, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Apardığınız dönməz siyasətə görə Sizinlə daim fəxr etmişik, indi də edirik.
Vətən yolunda, dövlətimizin, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu bir daha bildirir, Sizə uzun ömür, cansağlığı və işlərinizdə daha böyük uğurlar arzulayırıq”.
Şəbnəm Hacızadədən, Bakı, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Ölkəmizin qüdrətinin artması fonunda mənfur düşmənimiz ermənilərin sərhəd bölgəsində provokasiya xarakterli davranışları ordumuzun hərbi qulluqçularının şəhid olması ilə nəticələnsə də, bu davranışlarının nəticəsi çox ağır oldu. Ordumuzun sərrast atışları ilə susdurulan düşmən, çoxlu sayda itkilər verməklə yanaşı, həm də, əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişə olduğu kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə güvənir. Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın etdi. Həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi.
İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq”.
Bayram Mikayılovdan, Sabirabad, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığı Böyük Qələbəyə zəmanət verir. Bu zəmanətə əsas verən həm də Sizin vətənpərvər mövqeyinizdir. Qələbə ovqatlı çağırışlarınızı, torpaqlarımızın azadlığı uğrunda apardığınız siyasəti qəlbən dəstəkləyir, bu yolda səfərbər olub döyüşə getməyə hazır olduğumu bildirirəm”.
Gözəl Abdullayevadan, Qubadlı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən yürütdüyünüz siyasətlə, uzaqgörənliyiniz və qətiyyətinizlə fəxr edirəm. Bir liderdə, dövlət başçısında olması lazım olan bütün keyfiyyətlər Sizdə cəmləşib. Məhz buna görə də Ali Baş Komandanı olduğunuz Azərbaycanın Milli Ordusu düşmən təxribatının qarşısını vaxtında almağa nail oldu. Sizin yaratdığınız güclü və qüdrətli ordu düşmənə dövlət sərhədini bir addım belə keçməyə imkan vermədi. Düzdür, şəhidlərimiz var. Boş yerə deməyiblər ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir”. Bu gün bizim hər birimiz bir şəhid anasıyıq, bir şəhid balasıyıq, torpağı düşmən tapdağında olan, yurd-yuvalarından didərgin düşmüş qarabağlı və ən nəhayət Ali Baş Komandanımızın “hücum” əmrini gözləyən Azərbaycan əsgəriyik.
Cənab Ali Baş Komandan, mən bir hərbçi ailəsi, şəhid bacısı, Qubadlıdan olan məcburi köçkün kimi Vətənimizin müdafiəsinə hər zaman hazıram, Sizin əmrinizi gözləyirəm. Hamımız Vətənimizi qorumağa, şəhid olmuş Vətən övladlarının qisasını almağa hazırıq. Sizin iradənizə, ordumuzun gücünə və qüdrətinə güvənirik. Biz Sizdən güc və ilham alırıq. Bu güc, bu qüvvət üçün Sizə təşəkkür edirik. Biz birlikdə güclüyük”.
Namiq Quliyevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Son günlər döyüş bölgələrindəki gərgin vəziyyət bir azərbaycanlı kimi məni də çox narahat edir. Sizin güclü siyasətiniz və hər zaman xalqın yanında olmağınız xalq və dövlət arasındakı qırılmaz bağlılığı bir daha sübut etdi. Ulu öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi müstəqil Azərbaycanın etibarlı əllərdə olmasını, Sizin sayənizdə daha da qüdrətli dövlətə çevrilməsini hər gün hiss edirik. Bir vətəndaş kimi, Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Ordumuzun qüdrəti sübut etdi ki, Vətənimizin bir qarış torpağı da mənfur erməni yağılarına verilməyəcək. Mən inanıram və tam əminəm ki, Sizin siyasi gücünüz və nüfuzunuz sayəsində çox yaxın zamanda işğal altında qalan Qarabağımız düşmən tapdağından azad olunacaq”.
Anar Məmmədovdan, Gədəbəy, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Biz gənclər Sizi hər zaman dəstəkləyirik. Yeni Azərbaycan Partiyasının üzvü olaraq Sizin verdiyiniz tapşırıqları hər zaman uğurla yerinə yetirəcəyimə tam əmin ola bilərsiniz. Biz Sizin iradənizə güvənirik. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir. Bu çətin günlərdə YAP-ın gənc üzvləri olaraq dövlətimizin, ordumuzun yanındayıq. Əmrinizi gözləyir, verdiyiniz bütün qərarlara etimad edirik. İnanırıq ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda bərpa edəcək. Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik və hər zaman Vətənimiz qarşısında borcumuzu ödəməyə hazırıq. Biz fəxr edirik ki, azərbaycanlıyıq.
Möhtərəm cənab Prezident, bütün Azərbaycan oğulları kimi, mən də mənfur düşmənə qarşı döyüşməyə, Vətənimiz uğrunda canımdan keçməyə hər an hazıram”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva