“Ali Baş Komandan kimi bu çətin və şərəfli günlərdə verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəhləndirir” – Vətəndaş məktubları

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Tahirə Cəlilovadan, Goranboy, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq.
İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə çalışanlaarın evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı. İnanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq.
Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük”.
Qənbər Qurbanovdan, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
İyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mənfur düşmənlərimiz tərəfindən hərbi təxribatların törədilməsini şiddətlə qarşılayırıq. Sizin dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu çətin və şərəfli günlərdə verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəh hissi ilə doldurur. Sizin sərkərdəliyinizlə şanlı ordumuz ilk gündən düşmənə sarsıdıcı zərbələr vurur və bu uğurlu döyüş əməliyyatları hazırda da müvəffəqiyyətlə davam etdirilir.
Sizin uzaqgörən daxili və xarici siyasətiniz, sağlam və milli ruhlu strategiyanız nəticəsində günbəgün möhkəmlənən xalq-iqtidar birliyi bu həssas günlərdə dövlətimizin mövqelərini daha da gücləndirir, vətəndaşlarımızı daha da ruhlandırır.
İyul ayının 14-də minlərlə vətənpərvər İnsan Ali Baş Komandan kimi Sizə və ordumuza dəstək olacaq fikirlər, vətənpərvər şüarlar səsləndirmək üçün Şəhidlər Xiyabanına toplaşdı və bu çətin, taleyüklü günlərdə xalqımızın öz dövləti, onun rəhbəri ilə həmrəy olduğunu bütün dünyaya, eləcə də mənfur düşmənlərimizə bir daha nümayiş etdirdi. Onu da qeyd edim ki, həmin gün yürüş zamanı bir qrup təxribatçı tərəfindən törədilmiş çirkin əməlləri qətiyyətlə pisləyirik.
Bildirmək istəyirik ki, ölkəmizi 1992-1993-cü illərin xaoslu günlərinə qaytarmaq istəyənlərin çirkin niyyətləri heç zaman baş tutmayacaq. Məhz həmin dövrdə ölkədə yaranmış xaosdan istifadə edən düşmənlərimiz torpaqlarımızın bir hissəsini işğal etdilər. Xalqımız indi də həmin günləri ürək ağrısı ilə xatırlayır. Ona da əminik ki, heç bir daxili və xarici qüvvə bizi bir daha həmin tarixə qaytara bilməz.
Cənab Prezident, müstəqil və qüdrətli Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin ideoloji xəttini sədaqət və rəşadətlə davam etdirdiyinizə, ardıcıl və qətiyyətli siyasətinizə, işğal olunmuş torpaqlarımızın azad olunması naminə göstərdiyiniz prinsipial mövqeyinizə görə Sizə minnətdarlığımızı və ehtiramımızı bildiririk. Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olundu, Azərbaycan ordusu hərbi qüdrətinə görə dünyanın ən güclü orduları sıralarına daxil oldu. 2016-cı ilin aprel döyüşləri zamanı bütün dünya bu həqiqətin şahidi oldu. Aprel döyüşləri, Lələtəpə yüksəkliyinin azad olunması və Çocuq Mərcanlıya dönüş Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə xalqımızın, milli ordumuzun qələbələrinin başlanğıcı oldu. Həmin şanlı tariximizdən güc alan ordumuz bu gün daha böyük əzmlə düşmənə zərbələr vurmaqdadır. Ürəkdən inanırıq ki, Sizin rəhbərliyinizlə apardığımız mübarizə qələbə ilə nəticələnəcək, işğal olunmuş torpaqlarımız geri qaytarılacaq və biz tezliklə öz doğma yurdlarımıza dönəcəyik. Mən bir ağsaqqal kimi, bu şanlı döyüşlər zamanı şəhid olan övladlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm.
Möhtərəm cənab Prezident, bir daha əmin olun ki, xalqımız Sizinlədir, hər zaman qüdrətli dövlətimizin və onun rəhbərinin yanındadır. Tanrı Sizi qorusun”.
Azər Babayevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
İyulun 12-də Tovuz bölgəsində təcavüzkar Ermənistanın xain hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Şəhid olan qəhrəmanlarımızın qanları yerdə qalmadı, qisasları alındı.
Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan onun qarşısında aciz və cılızdır.
Mən ehtiyatda olan polkovnik kimi Vətənimizin bu narahat günlərində Sizin əmrinizlə döyüş tapşırığını canla-başla yerinə yetirməyə hazıram”.
Gülnar Gülverdiyevadan, Lənkəran, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Azərbaycanın Ermənistanla sərhədində təcavüzkar erməni birləşmələri tərəfindən iyulun 12-də törədilən təxribata qəhrəman ordu hissələrimizin layiqli cavab verməsi insanlarımızda böyük ruh yüksəkliyi yaratdı.
Bu günlər Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü və xalqımızın heç vaxt erməni işğalı ilə barışmayacağını, ordumuzun isə döyüşə hazır olduğunu göstərdi.
Cənab Prezident, biz gənclər Sizə və şanlı ordumuza güvənirik.
Biz bir yerdə güclüyük. Sizin Vətən uğrunda mübarizəniz müqəddəsdir. Allah Sizə yar olsun”.
Həbib Misirovdan, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində son günlər mənfur düşmənlərimizin törətdiyi təxribatlar məni bir vətəndaş olaraq hiddətləndirir və eyni zamanda düşmənlə amansız mübarizəyə sövq edir. Bu təxribatların başladığı ilk gündən Ali Baş Komandan kimi Sizin əmrinizlə döyüşə atılan şanlı ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu. Bu döyüşlər bizdə böyük ruh yüksəkliyi yaradır, eyni zamanda, qələbəmizin yaxında olduğundan xəbər verir. Əmin ola bilərsiniz ki, Sizin çağırışınızla istənilən anda ən ağır döyüşlərə yollanmağa və son damla qanımıza qədər vuruşmağa hazırıq. Bu günlərdə Bakı şəhərində Sizə, ordumuza dəstək məqsədilə keçirilən yürüş bizim qələbə əzmimizi daha da artırdı. Təəssüflə qeyd edirik ki, həmin yürüşə kölgə salmaq istəyənlər də oldu, amma sarsılmaz xalq-iqtidar birliyi onlara öz çirkin məqsədlərini həyata keçirməyə imkan vermədi, bundan sonra da verməyəcəkdir.
Cənab Prezident, fəxrlə deyə bilərik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin bu gün bütün sahələrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsi bizdə böyük fərəh və qürur hissi yaradır. Bir daha Sizə öz minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı Sizi, xalqımızı, qüdrətli dövlətimizi və şanlı ordumuzu qorusun”.
Yeganə Göyüşlüdən, Qazax, Azərbaycan
“Çox hörmətli cənab Ali Baş Komandan.
Son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır.
Cənab Ali Baş Komandan, iyul ayının 14-dən 15-ə keçən gecə paytaxt küçələrində vətənsevər insanların Sizə və Ordumuza dəstək yürüşü möhtəşəmliyi ilə qürurverici idi. Bu tədbiri təxribat mitinqinə çevirmək istəyənlərin niyyətləri baş tutmadı.
Bu gün dövlət, Vətən sevgisi olan bütün Azərbaycan xalqı döyüş əzmindədir. Ölkədə fəaliyyət göstərən əsas siyasi partiyaların Sizə dəstək bəyanatı da bunun bir təsdiqidir. Biz qadınlar düşmənlə üzbəüz döyüşlərdə iştirak etməsək də, informasiya müharibəsində Sizin əsgərlərinizik. Vətəndaş kimi Vətən naminə, ana kimi övladlarımız naminə Sizinlə birgə mübarizə aparacağıq. Düşmən sevinməyəcək. Bizim Sizə olan güvənimiz və hörmətimiz sonsuzdur. Sizinlə birlikdəyik, cənab Ali Baş Komandan”.
Emin Carçıyevdən, Abşeron, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın, gəncliyimizin dayağı, güvən yerisiniz. Buna görə də Azərbaycan xalqı, Azərbaycan gəncliyi daim Sizinlədir. Hər zaman Sizin yanınızda və əmrinizdəyik. Möhkəm birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.
Cənab Prezident, cəbhənin Tovuz rayonu istiqamətində baş verən hadisələr, verdiyimiz itkilər bizi dərindən üzdü, amma digər tərəfdən müzəffər ordumuzun düşməni ağır məğlubiyyətə uğratması və Sizin çıxışınız hər bir Azərbaycan gənci tərəfindən böyük fərəh və qürur hissi ilə izlənildi, bizi sevindirdi. Fəxr edirik ki bizim bu cür güclü, əzəmətli ordumuz var. Fəxr edirik ki, bizim bu cür qüdrətli Prezidentimiz, Ali Baş Komandanımız var. Baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan bu gün regionda, eləcə də dünyada güclü və söz sahibi olan dövlətdir. Azərbaycan xalqı, Azərbaycan gəncləri düşmənlərə qarşı Sizin ətrafınızda yumruq kimi birləşmişdir.
Cənab Ali Baş Komandan, biz hər zaman Sizinləyik, Vətənimiz Azərbaycanın xidmətindəyik. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun”.
Aytəkin Hacıyevadan, Ağcabədi, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Düşmən üzərində əldə etdiyimiz nəticələr, respublikamızda baş verən bütün proseslər onu deməyə əsas verir ki, üçrəngli bayrağımızın Şuşada, Xankəndində dalğalanacağı gün çox yaxındadır. Azərbaycanımızın bütün vətənpərvər gəncləri kimi, mən də Sizin əmrinizə, Vətənimizin müdafiəsinə hər zaman canımla, qanımla, varlığımla hazıram. İşğalçı Ermənistanla Azərbaycanımızın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə zəfər daim Sizinlə, Azərbaycan xalqı ilə olsun. Uca Tanrı Sizi dövlətimiz və xalqımız üçün hər zaman qorusun”.
Həsən Şirinovdan, Goranboy, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısının alınması zamanı ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı ilin Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdı. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Bizə qürur hissi yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident. Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirəm ki, hər zaman əmrinizi gözləyirik”.
Tunarə Məmmədzadədən, Tərtər, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Bu gün Sizin məqsədyönlü və uğurlu siyasətiniz nəticəsində dövlətimiz hərtərəfli inkişaf edir, ordumuz gündən-günə daha da möhkəmlənir. Bütün xalqımız kimi, düşmənlə 48 kilometr təmas xəttində yerləşən Tərtər rayon gəncləri də Sizin bu böyük zəhmətinizi hər zaman yüksək qiymətləndirir. Sizin yüksək iradəniz və güclü ordumuz sayəsində 2016-cı ilin aprel döyüşlərində düşmənə layiqli cavab verildiyi kimi, Tovuz istiqamətində baş verən düşmən təxribatının da qarşısı layiqincə alındı.
Cənab Ali Baş Komandan, cəbhə bölgəsində yaşayan gənclər olaraq, yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyir, Sizinlə qürur duyur, fəxr edirik ki, hər zaman öz xalqının yanında olan Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Tanrı Sizi qorusun”.
Fatimə Əliyevadan, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Bir Bakı gənci kimi bu məktubu yazmağı özümə borc bilirəm. Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı, milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdəndir.
Son günlər Tovuz rayonunun sərhəd ərazilərində baş verən erməni təxribatları döyüş ruhumuzu gücləndirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda öz canını, qanını düşmənlə mübarizədə qurban verən, məkrli düşmənə qarşı qəhrəmancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandırdı və onların vətənpərvərlik ruhunu daha da artırdı. Azərbaycanın ərazi bütövlüyünə əl uzadanlar bilməlidirlər ki, xalq və ordu Sizin rəhbərliyinizlə o əlləri birdəfəlik kəsib atacaq, torpaqlarımızı işğaldan azad edəcək.
Cənab Prezident, mən və bütün Bakı gəncləri Sizin əmrinizi gözləyirik”.
Əzizə İsgəndərovadan, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Lakin mənfur erməni hücumunun qarşısının sərt şəkildə alınması Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya göstərdi. Bu döyüşlərdə qəhrəmanlıqla şəhid olan hərbçilərimizin itkisi bizi kədərləndirsə də, əminik ki, son çıxışınızda vurğuladığınız kimi, "Düşmənə adekvat cavab verilib, hərbçilərimizin qisası alınıb, bundan sonrada alınacaqdır".
Cənab Prezidentim, biz Sizə inanırıq, Sizə arxalanırıq. Məhz iyulun 15-də küçələrə axışan minlərlə insanın Sizə və ordumuza dəstək aksiyası bu birliyi bir daha sübut etdi. Xalqımız əmindir ki, Sizin rəhbərləyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Azərbaycan gəncləri olaraq Sizin hər bir tapşırığınızı yerinə yetirməyə hazırıq.
Sizə fəaliyyətinizdə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva