“Cənab Prezident, biz birlikdə güclüyük. Ədalət zəfər çalacaq” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, biz birlikdə güclüyük. Ədalət zəfər çalacaq” – Vətəndaş məktubları

13:05 - 24 / 07 / 2020
“Cənab Prezident, biz birlikdə güclüyük. Ədalət zəfər çalacaq” – Vətəndaş məktubları

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Lalə Məmmədovadan, Samux, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin qətiyyətli addımlarınız və qəbul etdiyiniz qərarlar bu gün xalqımızın qarşılaşdığı hər bir problemin həllində öz rolunu oynayır.

Bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən düşmən təxribatlarının qarşısının qətiyyətlə alınması ordumuzun nə qədər güclü olmasını sübut edir. Biz ordumuzun göstərdiyi şücaətdən ruhlanaraq, hər zaman olduğu kimi, bu gün də Sizin əmrinizi gözləyir və Sizin iradənizə inanırıq”.

Böyükağa Məmmədovdan, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır.

Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirik.

Əminik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir”.

İlahə Qurbanovadan, Samux, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq”.

Zəfər Səmədovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışır, yurdumuzda gözü olan düşmənləri qətiyyətinizlə, Vətənə olan sevginizlə susdurursunuz.

İyulun 12-dən etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təcavüzünün qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi.

Cənab Prezident, mən Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbinin Mərkəzi Zabitlər Kursunu bitirmişəm və Qarabağ döyüşlərində iştirak etmişəm. Hazırda ehtiyatda olan zabitəm.

Ordumuzun döyüş əzmi məni nə qədər qürurlandırdısa, ermənilərin hücumu məni bir o qədər hiddətləndirdi. Mən yenidən hərbi xidmətə qəbul edilərək Vətənimi, xalqımı və Sizi qorumaq şərəfinə nail olmaq istəyirəm”.

Günay Camalxanova və Teyyub Mehdiyevdən, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Respublikanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur.

Bu ilin iyun ayında rayonumuza səfərinizdən sonra Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi üçün imzaladığınız Sərəncam biz ağcabədililərə növbəti diqqət və qayğınızın təzahürü olmaqla 14 mindən çox əhalinin böyük sevincinə səbəb olub. Çünki yol rahatlıq, inkişaf deməkdir.

Göstərdiyi yüksək diqqət və qayğıya görə rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

Yermantay Sultanmuratdan, Qazaxıstan

“Hörmətli cənab Prezident.

Türk Birliyinin üzvü olan qardaş Azərbaycana qarşı xain təxribatların bir daha şahidi olduq. 30 illik münaqişə nəticəsində yaşadıqları uğursuzluqları, xalqı idarə edə bilməməklərini, pandemiyaya qarşı acizliklərini ört-basdır etmək üçün bu yolu seçənlər başa düşməlidir ki, müasir Azərbaycan nəinki bir qarış torpağından vaz keçməyəcək, ona düşmən olanı sarsıdıcı zərbələrlə yox edəcək.

Erməni xalqı bilməlidir ki, onun gələcəkdə var olması Azərbaycanla xoş münasibətlərdən keçir. Bu münaqişə nəticəsində onlar heç nə əldə edə bilmədilər. Azərbaycanla yaxşı münasibətlər isə erməni kəndlisinə, sahibkarına azərbaycanlılarla yanaşı rifah qismət edə bilərdi.

Xalqınızın təmkini, səbri o demək deyil ki, münaqişə həll olunmamış qalacaq. Bu gün bütün dünya Azərbaycanın haqlı olduğunu bilir. Elə təkcə Orta Asiyadan Sizləri dəstəkləyən könüllülərin sayı yüz minləri keçir.

Haqq mübarizənizdə biz həmişə Sizinlə olmuşuq, bu gün də Sizinləyik. Azərbaycan Turanın bir hissəsi kimi bizim də Vətənimizdir. Sizin dərdiniz bizim kədərimizdir. Erməni vandalları başladıqları təxribatla məqsədlərinə çata bilməyəcəklər. Çünki həqiqət Sizinlədir, böyük Turan isə arxanızdadır. Biz birlikdə güclüyük. Ədalət zəfər çalacaq”.

Yaqub Məmmədovdan, Cəbrayıl, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər kəsə məlumdur ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Son dövrdə Tovuz rayonu istiqamətində baş verənlər bunu bir daha sübut etdi. Əlbəttə, həmişə olduğu kimi, yenə də düşmən layiqli cavabını alaraq geri oturduruldu.

Hörmətli cənab Prezident, Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı, milli birliyin, həmrəyliyin, eyni zamanda, tarixin bütün dövrlərində Vətəninə, el-obasına sədaqətlə bağlı olan Azərbaycan gənclərinin mübarizliyinin, vətənpərvərliyinin daha bir nümunəsi oldu. Biz həmişə Sizin ətrafınızda sıx birləşmişik”.

Əli Paşayevdən, Tərtər, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün tərtərlilər cəbhə bölgəsində yerləşən rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdardırlar. Məhz Sizin qayğınızın nəticəsində Tərtər rayonu bu gün özünün inkişaf və yüksəliş dövrünü yaşayır. Sizin iştirakınızla istifadəyə verilən Olimpiya İdman Kompleksi gənclərimizə dünyanı bəxş edib. Bu kompleksdə Sizin diqqətinizlə gələcəyin dünya çempionları yetişəcək. İstifadəyə verilən xalçaçılıq sexində toxunan Azərbaycan xalçaları milli-mədəni dəyərlərimizi, qədim sənət nümunələrimizi nümayiş etdirəcək.

Tərtərə gələn qonaqlar Dövlət Bayrağı Meydanında Dövlət Rəmzləri Muzeyini də ziyarət edəcəklər. Sizin qayğınızla Tərtər gündən-günə inkişaf edir. İndi biz tərtərlilərin yeni iş yerləri olduğu kimi, dincəlməyə də gözəl məkanlarımız var. Bütün bunları isə bizə Siz bəxş etmisiniz. Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğı, rayonumuza səfəriniz vaxtı Tərtər və tərtərlilər haqqında dediyiniz xoş sözlər bizi qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.

Mövzu ilə əlaqədar oxuyun:

“Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq” – Ali Baş Komandana məktub

“Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir” – Ali Baş Komandana məktub

“Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz” – Prezidentə məktub

“Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət andı içirəm - Vətənimizi qorumağa hazıram” – Ali Baş Komandana məktub

“Cənab Ali Baş Komandan, Sizin döyüş əmrinizi gözləyirik və iradənizə inanırıq” – Prezidentə yazırlar

S.Xankişiyeva

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər