Lisenziyası ləğv olunmuş 4 bankın əmanətçilərinə 504 milyon manat kompensasiya ödənilib
Bu günədək Əmanətlərin Sığortalanması Fondu tərəfindən bağlanmış son 4 bank üzrə ümumilikdə 21295 əmanətçiyə cəmi 504 milyon manat məbləğində kompensasiyaların ödənilməsi həyata keçirilib.
Əmanətlərin Sığortalanması Fondundan 1news.az-a verilən məlumata görə, Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Atabank” ASC, “AmrahBank” ASC, “NBCBank”ASC və “AGBank”ASC-nin lisenziyaları ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel və 14 may 2020-ci il tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.
Müflis olunmuş banklar üzrə ödhəliklərin reyestri ƏSF-yə təqdim olunmuş və Fond tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılmışdır. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Atabank” ASC və “Amrahbank” ASC üzrə “Kapitalbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilmişdir. Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci il tarixindən “Atabank” ASC və “Amrahbank” ASC-də, 16 iyun 2020-ci il tarixindən isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Bildiririk ki, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında Fondun hazırlanan yeni strateji modelinin bu ilin sonuna kimi formalaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir.
Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Qafar Ağayev