Ehtiyatda olan polkovnik: “Hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına, ordumuzun gücünə güvənir”
“Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır”.
Bunu 1news.az-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, ordumuz ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib.
“Azərbaycan ordusunun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın şəkildə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, hazırda Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir”.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan Ordusu xalqın qüruru, dövlətin güvən mənbəyidir.
“Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq və ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir”.
“Ordumuzun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir” – deyə, C.Xəlilov qeyd edib:
“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələni də diqqət mərkəzində saxlayır. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. Bu gün bizim hərbi kadrlar yalnız ölkəmizdə deyil, həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur. 2016-cı ilin Aprel döyüşləri həm də Azərbaycan Ordusunun böyük zərbə qüvvəsinə malik olduğunu göstərdi. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan Ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir”.
“Hazırda dünya Azərbaycan Ordusunun gücünü, onun qüdrətini görür” –deyə, Cəlil Xəlilov fikirlərinə davam edən polkovnik bildirib ki, Azərbaycan istehsalı olan silahlar isə ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir.
“İyulda silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata cəhd edərək təmas xəttinin Tovuz rayonu istiqamətində hücuma keçərək Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək üçün ona doğru irəliləməyə çalışıb. Lakin şanlı Azərbaycan Ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən ordusunun qəfil hücumu Azərbaycan Ordusu tərəfindən qətiyyətlə dəf edilib. Bu Azərbaycan Ordusunun qətiyyətindən xəbər verir.
Beləliklə, bu gün Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar. İndi hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına, ordumuzun gücünə güvənir. Odur ki, ordumuza və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan şəxslər ən sərt şəkildə qınağa layiqdirlər.
Ermənistan və ona havadarlıq edən qüvvələr də Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır”.
Qafar Ağayev