Bu ölkədə sağlam həyat tərzi keçirən sakinlərə pul ödəniləcək
Sinqapur hökuməti "Apple" korporasiyasını səhiyyə sahəsində "LumiHealth" adlı ikiillik proqrama tərəfdaş kimi cəlb edib. Bu təşəbbüs sayəsində "Apple Watch" "ağıllı" saatından istifadə edən ölkə sakinləri öz sağlamlıqlarına nəzarət edə və sağlam həyat tərzinə görə pul mükafatı qazana bilərlər.
1news.az ictnews.az-a istinadən bildirir ki, proqramın iştirakçılarına "Apple"ın "ağıllı" saatları ilə yanaşı, "iPhone" və 2020-ci ilin oktyabrında "App Store" onlayn mağazasında əlçatan olacaq "LumiHealth" mobil tətbiqi lazım olacaq.
Proqrama qoşulmağa qərar vermiş Sinqapur sakinləri mobil tətbiqdəki tapşırıqları yerinə yetirmək və qoyulmuş hədəfə nail olmağa görə təxminən 280 ABŞ dolları qazanmaq imkanı əldə biləcəklər. Xüsusilə yeriş, fiziki tapşırıqlar, üzgüçülük və ya yoqa kimi fiziki fəaliyyət təşviq ediləcək. Bundan başqa, "LumiHealth" tibbi müayinə və profilaktik peyvəndlər üçün fərdiləşdirilmiş proqramlar və xatırlatma təklif edəcək. Mobil proqramda reallaşdırılmış yarış komponenti istifadəçiləri daha sağlam yeməklər seçməyə və yuxu rejiminə riayət etməyə sövq edəcək.
1news.az