Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu yerləşən zonalarda yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif müxtəlif çaplı artileriya qurğularından atəşə tutulub.
1news.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
A.Eyvazov bildirib ki, düşmən tərəfi Tərtər rayonunun qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl Rayonun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutması nəticəsində mülki əhali arasında həlak olan və yarlanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub. Cəbhənin ən gərgin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhənin aviasiyası, zirehli texnika və digər qoşun növlərinin fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub və döyüş faəliyyətinin qarşısı alınıb. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib”.
A.Eyvazov bildirib ki, şəxsi heyət və tank bölmələrimiz cəbhə aviasiyası və pilotsuz uçuş apararlatının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xəttə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri aşkar edilərək məhv edilib.
“Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd ASA zenit raket kompleksi məhv edilib. Azərbaycan hərbi qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıq göstərərək qoşunlarımızın nəzarət etdiyi əraziyə endirməyi bacarıb, canlı itki yoxdu. Qoşunlarımız sürətli əks-hücum əməliyyatını davam etdirir. Əhali arasında narahatlıq və süni ajiotaj yaratmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və kütləvi informasiya vasitələrinin nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq. Cəbhəboyu zonada baş verən, hadisələrlə bağlı mətbuata və ictimaiyyətə mütəmadi olaraq məlumat bildiriləcək” - deyə, Müdafiə Nazirliyinin mətbuat katibi məlumatında bildirib.
Qafar Ağayev