Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması: Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik
Bu gün, 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum etmişdir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda bildirilir:
“Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik”.
Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb:
“Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır”.
Mövzu ilə əlaqədar oxuyun:
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
S.Xankişiyeva