Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib

20:05 - 28 / 09 / 2020
Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib.

QMİ-nin mətbuat xidmətindən 1news.az-a daxil olan müraciətdə deyilir:“Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən ali mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.

Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxıb. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni təcavüzkarların əzəli torpaqlarımıza iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırımı, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirib. Otuz ildən artıq müddətdir davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır.

Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd göstərən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlətimizin başçısının söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?!

Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərlərinə, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin, Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizi təhqir edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.

Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurasının, Vatikanın və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüf ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışıb. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə məqsədi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı uğurlar münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlətimizin başçısının vurğuladığı kimi “Biz birlikdə güclüyük!”.

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün xalqımız kimi, cəmiyyətimizin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi işğal altında olan torpaqlarımızın Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlətimizin başçısının qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

Bir daha Azərbaycan xalqına müraciət edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad edilməsi, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, İnşallah! Amin”.

S.Xankişiyeva 

 

Paylaş:
225

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər