“Evimiz İsrail” Partiyasının lideri: Haqq-ədalət Azərbaycanın tərəfindədir
“Evimiz İsrail” Partiyasının lideri Aviqdor Liberman yerli “Vesti. Rus dilində İsrail” nəşrinə verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırki vəziyyətdən bəhs edib.
Ölkənin keçmiş xarici işlər və müdafiə naziri olmuş Aviqdor Liberman hesab edir ki, qarşıduran tərəflərin hər birinin çoxdankı münaqişəyə, onun səbəb və hərəkətverici amillərinə dair öz görüşləri olduğunu başa düşürəm:
“Tarixdən gördüyümüz kimi, hələ Sovet İttifaqı yaranandan əvvəl də Dağlıq Qarabağ əsasən Azərbaycanın tərkibində olub. Ermənistan baş naziri vəzifəsində Dağlıq Qarabağdakı klanlarla bağlı olmayan ilk şəxs olan Nikol Paşinyanın seçilməsindən sonra müsbət dəyişiklik olacağına bəslənən ümidlər özünü doğrultmadı. İrəliləyiş əldə etmək bir kənara, Paşinyan daha da sərt mövqe tutaraq Dağlıq Qarabağ Ermənistandır və nöqtə deyə məlum bəyanat verdi.
Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycan torpağıdır. Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb”.
“Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Ötən müddət ərzində İsrail hökumətinin başında kimlərin durmasına, xarici işlər naziri kim olmasına baxmadan, bu mövqe ardıcıl olaraq həyata keçirilib. Azərbaycan və ona münasibət məsələsinə dair İsrail siyasi rəhbərliyində yekdillik var. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”, - o qeyd edib.
Liberman qeyd edir ki, Azərbaycan tarixən keçmiş olsa da, üç imperatorluğun – Fars, Osmanlı və Rusların qovşağında yerləşir:
“Bu, çox dolaşıqdır. İndi isə bütün bu tarixi üçbucaq yenidən hərəkətə gəlir. Türkiyənin Azərbaycanı, İranın da Ermənistanı dəstəkləməsi kifayət qədər aydındır. Və bu vəziyyətdə Türk-İran fikir ayrılıqları yeni keyfiyyətdə təzahür edir, düşünürəm ki, İsrail bu mövzuda çox kədərlənməyəcək. Çox güman ki, Türkiyə, İran və Rusiya bu qarşıdurmada addımlarını çox diqqətlə atacaqlar”.
BMT Təhlükəsizlik Şurasının 29 sentyabrda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı xüsusi iclasında bəzi ciddi qərarların mümkün gözləntilərindən danışarkən, sabiq nazirin fikrincə, bu cür iclasın təyin olunması faktının özü dondurulmuş münaqişələrin olmadığına dəlalət edir:
“Təhlükəsizlik Şurasının iclasından sonra hər hansı irəliləyiş gözləməzdim. Məncə, bununla bağlı nəsə icad etməyə də ehtiyac yoxdur. Mövcud olan Minsk formatı çərçivəsində vaxtilə bir sıra müsbət təkliflər irəli sürülüb. Görünür, qrupun həmsədrləri - ABŞ, Fransa və Rusiya daha fəal mövqe tutmalıdır”.
A.Liberman sözlərinə əlavə edir ki, İsrailin müdaxilə etmək istəmədiyi aydındır:
“Yenə də təkrar edirəm, Azərbaycanla münasibətlərimiz geniş, dərin, strateji, Ermənistanla isə minimum səviyyədədir. Biz Azərbaycana çox yaxın münasibətlər qurduğumuz müasir müsəlman-şiə ölkəsi nümunəsi kimi baxırıq. Buna görə də təkrar edirəm, Azərbaycanın ərazi bütövlüyü mövqeyini tam dəstəkləyirik. Və bütün nöqteyi-nəzərlər – tarixi, beynəlxalq və milli maraqlar baxımından bu, İsrailin rəsmi mövqeyidir”.
Tərcümə: S.Xankişiyeva