İsveçrədə yaşayan diaspor nümayəndələrimiz ilə cəbhədəki vəziyyət ilə əlaqədar tədbirlər keçirilib – FOTO
27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan Ermənistanın növbəti təxribatlarının qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində səfirliyin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilib.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyindən 1news.az-a verilən məlumata görə, Soloturn şəhərində baş tutan tədbirdə ilk öncə Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışı səslənib. Çağırışda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması qeyd edilərək, 30 ildir ki aparılan danışıqlara Ermənistan tərəfindən ciddi zərbə vurulması diqqətə çatıdırılmış, hazırda öz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ermənilərin təxribatına cavab olaraq döyüşlərin aparılması qeyd olunmuşdur. Bundan əlavə bildirilmişdir ki, indiki məqamda dünya azərbaycanlıları Ermənistan dövlətinin işğalçı siyasətinin ifşa edilməsi, erməni lobbisinin yalanlara söykənən fəaliyyətinin qarşısının alınması istiqamətində yaşadıqları ölkələrdə ciddi və məqsədyönlü işlər aparmalıdır.
Tədbirdə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cevzet Aras, eləcə də türk diaspora nümayəndələri çıxışlar edərək Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olmasını qeyd etmiş, tədbir iştirakçılarına ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlar barədə ətraflı məlumat vermiş, Ermənistanın xain hücumunu pisləmiş, səfirin çağırışına uyğun olaraq İsveçrədəki həm Azərbaycan, həm də Türkiyə diaspor nümayəndələrinin fəal olmalarının vacibliyinə toxunmuş, Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqına dəstək nümayiş olunmuş, Azərbaycan Ordusunun tezliklə qələbə qazanacağına əminlik ifadə edilib.
Tədbirin sonunda türk məscidinin axundu döyüşlər vaxtı şəhid olan soydaşlarımızın ruhuna dualar oxumuş və tədbir iştirakçıları üçün ehsan süfrəsi təşkil edilib.
İsveçrə Konfederasiyasında yaşayan diaspora nümayəndələrimizin növbəti tədbiri “Azərbaycan Dostları Birliyi”nin təşkilatçılığı ilə diasporamız sıx məskunlaşdığı şəhərlərdən biri olan Sürixdə baş tutmuşdur. Tədbir zamanı Arzu Bodmer də Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışını səsləndirmişdir. Daha sonra cəbhə xəttindəki vəziyyət müzakirə edilmiş, hadisələrin İsveçrə dövlət qurumlarının diqqətinə çatdırılmasının vacibliyi, petitsiyanın hazırlanması, diasporanın bu çətin zamanda fəaliyyətinin və birliyinin önəmi və digər məsələlər müzakirə edilib.
Eləcə də İsveçrədə türk diasporunun sayının çox olması (120 mindən çox) ilə bağlı və geniş oxuyucu kütləsinə malik dərc “Post Gazetesi”ndə həmrəyliyin nümayiş etdirilməsi ilə əlaqədar səfir X.İbrahimovanın məqaləsi dərc olunmuş və münaqişə barəsində geniş məlumat verilib.
S.Xankişiyeva