Prezidentin köməkçisi Pakistanın “GEO TV” kanalına müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın “GEO TV” kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları, mülki insanlarımızın, obyektlərimizin artilleriya və raket atəşinə məruz qalması, Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.
Qardaş Pakistan xalqına ən xoş arzularını çatdıran Hikmət Hacıyev 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin başladığı vaxtda Pakistan İslam Respublikasının Azərbaycanı dəstəklədiyini bildirib. Qeyd edib ki, Ermənistan Azərbaycana qarşı təcavüz siyasəti və günahsız Azərbaycan vətəndaşlarına qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirdiyi üçün Pakistanın bu dövlətlə heç bir diplomatik əlaqəsi yoxdur. Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verdikdə, Pakistan Azərbaycan xalqının öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etməklə bağlı haqq işini dəstəkləyən ilk dövlətlərdən biri oldu.
Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mülki əhalisini qətlə yetirmək və mülki infrastruktura maksimum ziyan vurmaq məqsədilə qəsdən genişmiqyaslı hücuma başladığını və buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təcavüzünü dəf etmək və işğal altındakı torpaqlarımızı azad etmək, eləcə də vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum tədbirləri görməyə məcbur olduğunu deyib. Silahlı Qüvvələrimiz bir sıra irəliləyişlər əldə edərək Ermənistan ordusunun müəyyən ərazilərdən geri çəkilməsinə nail oldu. Ancaq çətin vəziyyətə düşən Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanın böyük şəhərlərinə və sivil infrastrukturlarına qarşı raket hücumları həyata keçirməyə başladı. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə “Smerç” raketlərindən atəşə tutuldu. Bu, qəsdən törədilmiş bir hücumdur. Bundan başqa, ermənilər Ermənistan ərazisindən Azərbaycanın digər böyük şəhəri olan Mingəçevirə raket zərbəsi endirməklə növbəti təxribata əl atdılar. Ermənilər təmas xətti boyunca da Azərbaycanın kəndlərini və şəhərlərini atəşə tuturlar.
Prezidentin köməkçisi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə artıq 30 ildir ki, danışıqlar apardığını bildirib. O qeyd edib ki, Ermənistanın yürütdüyü təcavüzkarlıq və işğala əsaslanan status-kvonu qoruyub saxlamaq siyasəti ucbatından danışıqlar prosesində heç bir irəliləyiş əldə olunmayıb. Ermənilər hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışırlar. Xüsusilə də Ermənistanın baş nazirinin qeyri-konstruktiv, populist və demaqoq yanaşması danışıqlar prosesinə ciddi xələl gətirir. Bunun nəticəsində isə vəziyyətin kəskinləşdiyini görürük. Bu arada, biz beynəlxalq vasitəçilik missiyasının yetərli olmadığını və danışıqların imitasiyası ilə məşğul olunduğunu, danışıqların, sadəcə olaraq, danışıqlar aparılması naminə uzadılmasının şahidi olduq.
Prezidentin köməkçisi Hikmət Hacıyev müsahibəsində, həmçinin Pakistan İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
S.Xankişiyeva