Prezident: Biz atəşkəsə razı olmaya da bilərdik. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər
Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Kim bizi məcbur edə bilərdi?!
Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Azərbaycan tərəfinin atəşkəsə razılıq verməsinin səbəbləri barədə danışarkən deyib.
“Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
S.Xankişiyeva