İşğal olunmuş ərazilərə səfər edən Duma üzvünün adı “qara siyahıya” salındı – RƏSMİ
Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya Dövlət Dumasının üzvünün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri ilə bağlı açıqlamasında bildirilir.
“Ermənistanın Azərbaycana qarşı əl atdığı yeni təcavüz kontekstində baş tutan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə açıq şəkildə dəstək nümayiş etdirən bu qanunsuz səfər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.
Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə uyğun gəlmir.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkənin işğal olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün Vitaliy Milonovun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib”, - deyə açıqlamada qeyd olunur.
S.Xankişiyeva