Ali Baş Komandan: Azərbaycan düşmənə layiqli cavab verib və verəcək, onu torpaqlarımızdan sona qədər qovacaq
İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunub.
İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalayıb. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozub. Belə olan halda Azərbaycan əlbəttə ki, onlara layiqli cavab verib və verəcək, bundan sonra da düşməni torpaqlarımızdan sona qədər qovacaq.
AZƏRTAC xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə söyləyib.
Dövlətimizin başçısı deyib: “Bizim bir şərtimiz var: əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə, Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanat biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edib”.
S.Xankişiyeva