İlham Əliyev: “Bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır”
Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
1news.az-ın məlumatına görə, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.
Dövlətimizin başçısı deyib: "Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi".
1news.az