İlham Əliyev: “Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”
Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.
Dövlət başçısı bildirib:
"Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar".
1news.az