Sevinc Fətəliyeva: Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır, yeni tarix yaradır
“Noyabrın 20-da Ağdam rayonun erməni işğalından azad olunması xalqımız tərəfindən böyük sevinclə qarşılandı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə Ermənistanın məğlubiyyəti ilə nəticələndi. Döyüş meydanında məğlub olan işğalçı Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək üçtərəfli bəyanatı imzaladı. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 10-da xalqa müraciətində qeyd etdiyi kimi, Ağdamın dinc yolla işğaldan azad olunması üçtərəfli nəticəsidir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır, yeni tarix yaradır. Bu, zəfər, qələbə tarixidir.
Millət vəkilinin sözlərinə görə, Ağdamın işğalı rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, çoxlu şəhidlər vermişlər. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.
Eyni zamanda, Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb və tapılmış artefaktlar Ermənistana daşınıb. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilib, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycan bu vandalizmi törədən ermənilərin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.
Deputatın fikrincə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır: “Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilib. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistanın uçurum astanasında olmasının əsas səbəblərindən biri də qonşulara qarşı nifrət tərbiyəsinin, təbliğatının davam etməsidir. Bu ölkə qonşularla normal münasibət qurub inkişaf etmək əvəzində zərərli ideologiya əsaslanaraq yalnız bölgədə sülh və sabitliyə təhdid yaradır. Ermənistanın rəhbərliyi anlamalıdır ki, onların xilas yolu qonşu ölkələrə, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı iddialardan əl çəkib normal əməkdaşlıq münasibətləri qurmasındadır”.
1news.az