Vüqar Rəhimzadə: “Dünya ictimaiyyəti Ermənistanın terror siyasətini kəskin şəkildə pisləməlidir”
Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar.
Tarixi-mədəni, dini abidələrimiz necə qorunursa, digər millətlərə və dinlərə xas olan dəyərlər də həmin qaydada mühafizə edilir. Lakin bütün bunların əksinə olaraq Azərbaycanın işğal altında olan torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətlərini isbatlayan dəhşətli mənzərə ortaya çıxır. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində İslam dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Artıq heç kim üçün sirr deyil ki, işğal edilmiş torpaqlarımızda bu kimi vandalizm hərəkətləri bilavasitə Ermənistanın keçmiş və indiki rəhbərliyinin göstərişi ilə törədilib. Bu gün artıq sosial şəbəkələrdə müxtəlif dillərdə yayımlanan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Kəlbəcər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur.
Bütün bu faktlar və sübutlar ortada ola-ola bu gün Ermənistan həyasızcasına dünyaya car çəkir ki, guya Azərbaycan işğaldan azad etdiyi ərazilərində erməni kilsələrini və digər xristian məbədlərini dağıdır. Təəssüf ki, ermənilərin 30 il ərzində işğalda saxladıqları Azərbaycan ərazilərində tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, xüsusilə məscidlərimizi təhqir etmələrinə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar iftiraya, yalana, böhtana əsaslanan erməni təbliğatına bir çox hallarda uyur, hətta utanıb-qızarmadan Azərbaycan dövlətindən işğaldan yenicə azad edilmiş Kəlbəcərdə mövcud olan xristian məbədlərinin qorunmasına təminat verməsini istəyirlər. Müzəffər Ali Baş Komandanımız noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində belələrinə bir daha qətiyyətli və tarixi ədalətə söykənən mesajını çatdırdı: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda vaxtilə təqribən 403 tarixi-dini abidə mövcud olmuşdur: “Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan məhz İslam dini abidələri, yəni məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan İslam dininə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub”.
“Ermənilər daha bir vandalizm nümunəsi və əxlaqsızlıq nümayiş etdirərək Ağdamda, Zəngilanda, Qubadlıda məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara və ümumilikdə İslam dünyasına qarşı öz nifrətlərini, təhqiramiz hərəkətlərini nümayiş etdiriblər” deyən Vüqar Rəhimzadə əlavə edib ki, düşmən tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılaraq erməniləşdirilməsi prosesi beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılmalıdır: “Lakin çox təəssüflər olsun ki, biz bu gün bunun əksini müşahidə etməkdəyik. Beynəlxalq birlik nəinki ermənilərin tarixi və dini abidələrimizə əsl barbarlara xas olan qeyri-insani münasibətini qınamır, əksinə işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki xristian məbədlərinin taleyindən ciddi narahatlıqlarını ifadə edirlər”.
Baş redaktor bu məqamda diqqəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində dövlətimizin başçısının Ağdam məscidinin qarşısındakı çıxışında söylədiyi bu fikirlərə yönəltmişdir: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?”.
Vüqar Rəhimzadə qeyd edib ki, dini və tarixi abidələrə münasibətdə ermənilərin həyata keçirdikləri vandalizm aktlarının qarşısı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qəti şəkildə alınmalıdır: “Bir müddət öncə işğaldan azad olunmuş Qubadlı rayonunun Məmər kəndində yerləşən məscidin yerlə-yeksan edilməsi, eləcə də tarixin saxtalaşdırılması cəhdləri Ermənistanın işğalçılıq siyasətinin əyani sübutları kimi diqqət çəkməkdədir. Məhz işğal olunmuş ərazilərdə çoxəsrlik tarixi olan maddi-mənəvi irsin dağıdılması beynəlxalq hüququn və konvensiyaların, xüsusilə də 1954-cü ildə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının və 1999-cu ildə ona əlavə edilmiş Protokolların tələblərinin kobud şəkildə pozulmasıdır. Bu mənada dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, bütövlükdə dünya ictimaiyyəti diqqəti bu cür barbarlıq və vandalizm əməllərinə yönəltməli, Ermənistanın mədəni və mənəvi terror siyasətini ifşa etməlidirlər”.
Baş redaktor bu baxımdan noyabrın 24-də Azərbaycandakı müsəlman, pravoslav, Alban-udi və yəhudi dini konfessiyalarının rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə ünvanladıqları birgə bəyanatı yüksək qiymətləndirib: “Bəyanatda da qeyd edildiyi kimi, tarix boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmaların rəhbərləri Azərbaycanın sülhsevər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dua verirlər. Eyni zamanda, birgə bəyanatı imzalayan dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırlar. Bu, bir daha Azərbaycanın necə böyük tolerant və multikultural dəyərlərə sahib olan ölkə olduğunu bütün dünyaya bəyan edir”.
Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcər rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqama xüsusi diqqət yönəltdiyini bildirib: "Ermənistan terror dövlətidir. Bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Tarixi Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, erməni faşizminin məhvidir".
1news.az