Neft qiymətləri son 8 ayın ən yüksək səviyyəsinə çatıb
Birjalarda neft qiymətləri tələbatla bağlı optimist gözləntilər fonunda 8 ayın ən yüksək səviyyəsinə çatıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hazırda neft qiymətləri COVID-19-a qarşı peyvəndin hazırlanması ilə bağlı inkişafların qlobal enerji tələbatının bərpasına dəstək olacağına dair artan nikbin gözləntilər fonunda bahalaşmaqda davam edir.
“Bank of America”ya görə, “Brent” markalı xam neftin qiyməti səyahət məhdudiyyətlərinin ləğvi ilə 2021-ci ilin yayında 60 dollar/barrelədək yüksələ bilər.
Neft qiymətləri bu ay təqribən dörddəbir səviyyəsində artıb. Virusa qarşı peyvəndlə bağlı inkişaflar və “OPEC+” koalisiyasının neft istehsalının artırılması planını təxirə salacağına dair gözləntilər “qara qızıl”ın qiymətlərini yuxarı istiqamətli dəstəkləyən əsas amillərdəndir.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 48,15 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,16 dollara satılır.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar artaraq 48,37 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
1news.az