Şəhid və qazilərimizə dövlət qayğısı gücləndirilir – TƏHLİL
Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa edildi.
Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanıldı. Buna görə də hər bizimiz torpaqlarımızın azad olunmasını bizə qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq.
Bu gün Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir. Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.
Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası şəhidlərdən və onların ailə üzvlərinin banklar qarşısında kredit borclarının silinməsi ilə bağlı tədbirlər həyata keçirir. Həmçinin müharibədə xəsarət almış hərbçilərin banklara borcları silinir, şəhid olmuş şəxslərin vərəsələrinə, xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənilir.
Mərkəzi Bankdan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.
Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.
Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edib. Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb.
Məlumata görə, 18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4138 şəxsə ödəniş edilib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3387 nəfəri isə xəsarət alanlardır.
Qeyd edək ki, bu günə qədər dövlət tərəfindən müxtəlif məsələlərlə bağlı maddi imkanı aşağı olan, dəstəyə ehtiyacı olan insanlarla bağlı tədbirlər həyata keçirilib. Xatırladaq ki, devalvasiyadan sonra dollarla götürülmüş kreditlərlə bağlı məsələlər həll olundu, pandemiya dövründə sosial yardım paketi qəbul olundu, bundan əvvəl ehtiyac sahibi təbəqələrin kommunal xərcləri ilə bağlı problemlər dəfələrlə həll edildi.
Nəzərinizə çatdıraq ki, hazırda Covid-19 pandemiyası dünyanın demək olar ki, bütün dövlətlərin iqtisadiyyatını ciddi sınaq qarşısında qoyub. Buna baxmayaraq Azərbaycan dövləti sosia yönümlü layihələri, proqramları nəinki təxirə salmadı, əksinə, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi yönündə addımlar atmaqdadır. Bu da onu göstərir ki, dövlət, şəxsən Prezident İlham Əliyev üçün insan amili ön sırada dayanır.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Vətən yolunda özlərinə əbədiyyət heykəli ucaldan şəhidlərimiz xalqımızın qəhrəmanlıq tarixində daim yaşayır və xatırlanır.
“Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin dediyi kimi,Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar: “Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”. Vətən və xalq naminə şəhid olan Vətən övladlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir.
Dövlət başçımız tərəfindən bu istiqamətdə mütəmadi imzalanan fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, bu sahəyə göstərilən diqqətin bariz nümunəsi kimi içtimaiyyət tərəfindən hər zaman təqdirəlayiq hal kimi qiymətləndirilib. Şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması davamlı xarakter daşıyıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdıqdan sonra da bu proses davam edir. Dövlət başçımızın tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmır və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edir”.
N.Həmzəyevin sözlərinə görə, ölkəmizdə hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub:
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət sayəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlət başçımız İlham Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə yaradılan "YAŞAT" Fondu şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətin, qayğının növbəti əyani sübutudur.
Dövlətimizin sosial siyasətinin mərkəzində duran şəhid və qazi ailələri harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının da daim diqqətində olub. Xüsusi ilə də son günlərdə - İkinci Vətən müharibəsi zamanı hər bir vətəndaşımız şəhid və qazilərimizin ailələrinin yanında oldu, öz yardımlarını əsirgəmədilər. Onların dəstəkləri bu gün də davam edir. Vətən müharibəsini qalibiyyətlə başa vurduğumuz bir ərəfədə yaradılan "YAŞAT" Fondu da məhz sahədə koordinasiya fəaliyyətini tənzimləyəcək.
Qürurverici haldır ki, 44 günlük Vətən müharibəsi zamanı yumruq kimi bir olan Azərbaycan xalqı milli birliyimizin, həmrəyliyimizin əbədi olduğunu hər an nümayiş etdirir. Ölkə başçımızın cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən "Biz birlikdə güclüyük!” çağırışı hər sahədə öz əyani təcəssümünü tapır. Doğma Azərbaycan naminə birlik olmağı bacaran vətəndaşlarımızın Vətən yolunda özlərinə əbədiyyət heykəli ucaldan şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə, onların ailə üzvlərinə diqqət göstərmələri, öz töhfələrini vermələri xalqımızın milli birliyinin növbəti nümayişidir”.
Qafar Ağayev