Qarabağ zəfərinin Qafqazın tarixində çox önəmli yeri var - Hulusi Akar
Qarabağ Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən Qafqazın tarixində çox önəmli yeri var.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.
Nazir bildirib:
"Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu. Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi - Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir.
Təbii ki, otuz illik bu mübarizə başa çatdıqdan, torpaqların işğaldan azad olunmasından sonra, inşallah, qarşıdakı dövrdə Sizin liderliyinizlə qoyulacaq sərmayələrlə orada rifah artacaq, əmin-amanlıq möhkəmlənəcək və ora bütün bölgə üçün, Qafqaz üçün cazibə mərkəzinə çevriləcək. Azərbaycanın iradəsi ilə burada sülhün və sabitliyin təmin olunmasında Azərbaycan ilə Türkiyənin birliyi, bərabərliyi, çiyin-çiyinə çalışması həqiqətən təkcə bu gün üçün deyil, gələcək üçün də böyük perspektivlər vəd edir. İnşallah, qarşıdakı dövrdə bu qardaşlıq bir ürək, bir bilək, bir yumruq olaraq davam edəcək. Bununla da hər kəsin bura ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəyini, diqqətli olacağını düşünürük".
1news.az