Deputat: “Hesab edirdim ki, onlar bütün xislətlərini bir kənara qoyub dövlətin yanında olacaqlar”
2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə Prezident İlham Əliyev bir neçə məsələyə toxunub.
Bunlardan biri də iqtidar-müxalifət münasibətləri ilə bağlı oldu. Belə ki, dövlət başçısı bildirdi ki, Azərbaycanda islahatlara start verildi, keçirilmiş son parlament seçkilərində müxalifət nümayəndələri parlamentin rəhbər orqanlarına seçildilər.
“Ölkədə siyasi dialoq başlandı, siyasi partiyalar ümumi işə dəstək verdilər. Anti-milli şura xain və satqın simasını yenə də nümayiş etdirdi, düşmənin dəyirmanına su tökdü. Onların liderləri bir müddət əvvəl Paşinyanı nümunə kimi göstərirdilər. İndi soruşulmalıdır ki, erməni xalqı bu "novator", "demokrat" haqqında nə fikirləşir?” – deyə, Prezident qeyd edib.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, ölkə Prezidenti İlham Əliyev Azərbaycanı demokratik inkişaf yolu ilə irəliyə aparır:
“Xüsusilə də 2018-ci ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq növbəti dəfə Prezident seçildikdən sonra çox dərin, hərtərəfli islahatlar kursunu həyata keçirməyə başlayıb. Bu islahatlar eyni zamanda siyasi sahəni də əhatə edir. Nəticə etibarı ilə bu, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsinə gətirib çıxarır, partiyalararası dialoqun, iqtidar ilə müxalifət partiyaları arasında siyasi dialoq mühitinin inkişafına şərait yaradır. Təsadüfi deyil ki, aparılan düzgün siyasətin və islahatların nəticəsi olaraq Azərbaycanın müxalif siyasi partiyaları ümummilli məsələlərdə ortaq mövqedən çıxış edirlər. Xüsusi də 44 günlük Vətən Müharibəsinin gedişində Azərbaycanın siyasi partiyaları birmənalı olaraq ümummilli mövqedə dayandılar və dövlətin siyasətini müdafiə etdilər, birgə bəyanatlarla çıxış etdilər. Bu çox təqdirəlayiq haldır”.
Deputat qeyd edib ki, yeganə müxalif partiya olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası və eyni zamanda Milli Şura özünün köhnə ampulasında qaldı, xislətlərini dəyişə bilmədilər, ümummilli məsələlərdə də dövlətin yanında ola bilmədilər, öz anti-milli mahiyyətlərini ortaya qoydular:
“Bu məsələləri cənab Prezident dünən, 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, xalqın gözü tərəzidir, xalq diqqətlə bütün siyasi qüvvələrin fəaliyyətini izləyir. Əgər Milli Şura Azərbaycanın haqq işini müdafiə etmədisə, Azərbaycanın haqlı mövqeyini müdafiə etmədisə, yenə də öz anti-milli davranışlarını ortaya qoydusa, bu qələbəmizə sevinmədisə, elə ermənilər qədər bundan narahat oldularsa, onda onlar heç bir siyasi qüvvə deyil, mahiyyətləri bəllidir.
Cənab Prezident qeyd etdi ki, bu siyasi ünsürlərbizə tez-tez Paşinyanı nümunə gətirərdilər, Paşinyanın demoktarik olduğunu, Paşinyanın arxasında xalqın dayandığını deyirdilər. Bəs nə oldu? İndi həmin Ermənistan xalqı Paşinyanı satqın adlandırır, təhqir eləyir. Çünki Paşinyanla onların mövqeləri üst-üstə düşür. Paşinyan da məğlub oldu, Azərbaycanda anti-milli siyasi mövqedə dayanan qruplaşmalar da 1992-1993-cü illərdə hakimiyyətdə olarkən məğlub oldu. Cənab Prezidentin dediyi kimi Gəncə şəhərini bombalayırdılar, Azərbaycan əsgərlərini girov götürdülər. Üstəgəl də ölkənin ali baş komandanı gedib Naxçıvanda bir dağ kəndində gizlənmişdi. Buna nə ad vermək olar?”.
Deputatın sözlərinə görə, torpaqları işğaldan azad edən, tarix yazan, tarixin ən şərəfli dövrünü yaşadan, Azərbaycan tarixində Azərbaycanı ən güclü edən bir iqtidar haqqında hədyanlar danışırlar, yenə də təhrifedici mövqelər ortaya qoyurlar:
“Bütün bunları xalqımız görür. Şəxsən mən hesab edirdim ki, bu tarixi məqamda Azərbaycan xalqının, millətin, dövlətin şərəf tarixinin yazıldığı bir məqamda onlar bütün umu-küsülərini, bütün xislətlərini bir kənara qoyub dövlətin yanında olacaqlar. Təəssüf ki, görünür qozbeli yalnız və yalnız qəbir düzəldərmiş”.
Qafar Ağayev