“The Jewish Press” UNESCO-nun Azərbaycana münasibətdə qərəzli siyasətindən yazır
Amerikanın “The Jewish Press” nəşrində Yaxın Şərq Siyasətinin Araşdırmaları Mərkəzi yanında kütləvi informasiya vasitələrinin böyük analitiki və İsrailin “Resource” informasiya agentliyinin müxbiri Reyçel Avraamın məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, bu məqalə UNESCO-nun Azərbaycana münasibətdə qərəzli siyasətinə həsr edilib.
Müəllif yazır ki, bir neçə il bundan əvvəl UNESCO-nun İsrailə qarşı qərəzli siyasəti üzündən ABŞ və İsrail bu təşkilatdan çıxıblar.
İsrail UNESCO-nun ona qarşı kökləndiyini bildirən yeganə ölkə deyil. İsrail-Azərbaycan münasibətləri üzrə ixtisaslaşan və İsraildə Azərbaycan Evinə rəhbərlik edən siyasi analitik Arye Qut qeyd edir ki, Ermənistanın hakimiyyət orqanları son 28 il ərzində Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib, oradakı bütün Azərbaycan məscidlərini donuz və inək tövlələrinə çevirib, lakin UNESCO uzun müddət bu vəziyyətə etinasız qalıb. 1990-cı illərdə erməni silahlı qüvvələri tərəfindən Qarabağın işğal edilməsi nəticəsində Ermənistan həmin ərazidə yerləşən 927 kitabxananı, 60-dan çox məscidi, 44 məbədi, 473 tarixi abidəni, sarayları və muzeyləri məhv edib, 40 mindən çox muzey eksponatını qanunsuz olaraq talan edib. Lakin UNESCO bu hadisələrə adekvat münasibət bildirməyib.
Arye Qut vurğulayıb ki, UNESCO digər tərəfdən əsassız olaraq Azərbaycanı işğal etdiyi ərazilərdə yerləşən xristian abidələrinin taleyi üçün “çox narahatdır”, hərçənd çoxmədəniyyətli və tolerant ölkə olan Azərbaycan öz ərazisində yerləşən bütün mədəni və dini abidələrin, o cümlədən müsəlman, yəhudi və xristian abidələrinin qorunmasını təmin edir. Qəbələ rayonunun Nic kəndində yerləşən Müqəddəs Mariya alban kilsəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə bu yaxınlarda bərpa edilməsi buna parlaq nümunədir.
Bundan əlavə, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi və Azərbaycanın mədəni irsinin məhv edilməsi barədə bir neçə nəşr məlumdur. Məsələn 2007-ci ildə “Azərbaycana qarşı müharibə mədəni irsə hücumdur” adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı verilir, həmin abidələrin qərəzli şəkildə erməniləşdirilməsi və alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə ətraflı məlumat verilir. Müəllif yazır ki, buna baxmayaraq UNESCO adekvat münasibət bildirmədi.
44-günlük müharibədə Azərbaycanın qələbəsindən sonra UNESCO və bəzi ölkələr tərəfindən təsis edilmiş missiya bir sıra suallar doğurur: UNESCO nə üçün regiona belə bir missiyanı əvvəllər göndərməyib? Azərbaycanın işğal edilmiş ərazilərində məscidlər dağıdılanda, həmin məscidlərdə donuzlar və inəklər saxlananda UNESCO nə üçün buna reaksiya vermirdi?
Qut daha sonra yazır: “UNESCO-nun indiki reaksiyası belə bir təəssürat yaradır ki, xristian abidələri müsəlman və yəhudi abidələrindən daha əhəmiyyətlidir. Bu onu göstərir ki, bütün dini və mədəni abidələr onların mənsubiyyətindən asılı olmayaraq qorunmalı olduğu halda UNESCO və bəzi siyasi dairələr dini mənsubiyyət əlaməti üzrə açıq-aşkar ayrı-seçkilik nümayiş etdirirlər. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların parlaq nümunəsidir. Aşkardır ki, Azərbaycanın qələbəsi nəticəsində Cənubi Qafqaz regionunda yaranmış yeni reallıq çoxlarını narahat edir, onlar bu reallıqla barışa bilmirlər”.
Qut daha sonra yazır: “Təəssüf ki, UNESCO bilərəkdən və ya özündən asılı olmayaraq bu proseslərə cəlb edilib”.
Ekspert vurğulayır: “UNESCO hökumətlərarası təşkilatdır və öz mandatına müvafiq olaraq obyektiv və qərəzsiz fəaliyyət göstərməlidir. UNESCO rəsmiləri vətəndaşları olduqları bu və ya digər dövlətin milli gündəliyinə aid məsələləri önə çəkməməlidir. UNESCO bu və ya digər dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Əks halda bu, təşkilatın imicini və müstəqilliyinə ciddi zərbə vurur. Mədəni irsin qorunması bəşəriyyətin universal borcudur və ondan siyasi məqsədlər üçün istifadə edilməməlidir. Azərbaycanın mövqeyi ədalətli və dəyişməzdir. Yəni Azərbaycan heç vaxt UNESCO missiyasını əleyhinə çıxış etməyib. Bu, dünən də belə olub, bu gün də belədir. Təhlükəsizlik sahəsində vəziyyət imkan verəndə həmin missiyanın dəqiq mandatı və tərkibi Azərbaycan ilə UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan bu aşkar qərəzliliyə münasibətini UNESCO-nun tərkibindən çıxmaq şəklində bildirməyib. Arye Qutun sözlərinə görə Azərbaycan Mədəniyyət Nazirliyi hazırda Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən, 28 illik erməni işğalı dövründə tamamilə talanmış və məhv edilmiş bütün mədəni irs obyektlərinin vəziyyəti haqqında məruzə hazırlayır. Bakı həmin məruzəni UNESCO-ya təqdim etməyi planlaşdırır ki, Ermənistan öz əməllərinə görə cavab verməyə məcbur edilsin. Arye Qut yazır: “İnsanlıq əleyhinə cinayət cəzasız qalmamalıdır. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən hər hansı fəaliyyət Azərbaycan ilə razılaşdırılmalıdır. Əks halda bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa hörmətsizlik kimi qiymətləndiriləcək və ona adekvat cavab veriləcək. Ermənistan bütün sahələrdə olduğu kimi bu torpaqlarda Azərbaycan xalqının izini silmək məqsədilə həyata keçirilmiş mədəni soyqırımına və terrora görə cavab verməlidir”.
S.Xankişiyeva