Sevinc Fətəliyeva: Azərbaycan dünyada tolerantlıq mərkəzlərindən biridir
“Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub. Əsrlər boyu Azərbaycan ərazisində tolerant mühit hökm sürüb. Azərbaycan müstəqillik qazandıqdan sonra bu faktor daha da güclənib. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri bərabər hüquqlar çərçivəsində, mehribanlıq şəraitində yaşayırlar”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan dünyada tolerantlıq mərkəzlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə mövcud olan bu kimi dəyərlər dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Təsadüfi deyil ki, multikulturalizm dövlət siyasəti səviyyəsindədir, tolerantlıq cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir.
Bu baxımdan, digər xalqların nümayəndələri kimi Azərbaycan vətəndaşları olan ermənilər də bütün hüquqlardan istifadə edirlər. Bu gün ölkəmizdə 30 minə qədər erməni yaşayır. Bu fakt Qarabağ ermənilərinin də Azərbaycan vətəndaşları olaraq ölkəmizin qanunları əsasında yaşamasının təminatlarından biridir.
Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dediyi kimi, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb. Bu bizim böyük nailiyyətimizdir.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının söylədiyi kimi Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaq.
Deputat söyləyib ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Davamlı sülhə nail olmaq prioritet vəzifədir. Bundan sonra region xalqları arasında düşmənçiliyə xidmət edən bütün hallara son qoyulmalıdır. 10 noyabr tarixində imzalanmış birgə bəyanat bunun üçün zəmin yaradır. S.Fətəliyevanın fikrincə, gələcəkdə normal şəkildə birgəyaşayışın əsas şərtlərindən biri əməkdaşlıqdır.
Bu amil həmçinin dayanıqlı inkişaf üçün əsas yaradır. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Bununla da, əməkdaşlıq münasibətləri tədricən region xalqlarına daha böyük faydalar gətirəcək”.