Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin olunması üçün əlimizdən gələni edəcəyik
Azərbaycan tarixi Zəfər qazanaraq erməni işğalında olan torpaqlarını azad etdi. Bundan sonra prioritetimiz Qarabağda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yardım etməkdir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatı Liderlərinin 14-cü Zirvə görüşündə ifadə edib.
“Qardaşımız Azərbaycan erməni işğalında olan torpaqlarını dastanlarda gördüyümüz bir zəfərlə azad edərək, bölgədə yeni dövrün bir qapılarını açıb. Bundan sonra prioritetimiz Qarabağda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına yardım etmək, otuz illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu dövrdə də təşkilat olaraq (İqtisadi Əməkdaşlıq Təşkilatı - red) Azərbaycanla həmrəylik göstərəcəyimizə inanıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
“Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyən Prezident Zirvə görüşündə gündəlikdə duran digər məsələlər, o cümlədən koronavirus pandemiyası ilə birgə mübarizə məsələləri barədə fikir və mülahizələrini bölüşüb.