Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür

17:54 - 07 / 03 / 2021
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 29 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin təqdimatı oldu. Qurultayda birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının, ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğunun təsdiqi olan qərarların qəbulu və sair kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi.

Məlumdur ki, hər bir mühüm hadisə daim keçilən yolun təhlilini, baş verən hadisələrin mahiyyətinin düzgün dəyərləndirilməsini bir zərurət kimi ortaya qoyur. Qurultaydakı proqram xarakterli nitqində “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının onları hər an təqib edən təhdidlərdən qorxmadan, heç nədən çəkinmədən, böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, partiyanın təsis konfransının hansı səbəblərdən Bakıda deyil, Naxçıvanda keçirilməsindən, ümumiyyətlə, 1992-ci ilin noyabr ayının gənc Azərbaycan dövlətinin həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi. Bu reallıq hər zaman böyük minnətdarlıq hissi ilə qeyd edilir ki, “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Liderimizə tarixi müraciətin müəllifi olan “91-lər”in üzvü olaraq bu məqamı xüsusi qeyd etmək istərdim ki, ziyalıların “Azərbaycan Sizin sözünüzü gözləyir” tarixi müraciətinə dahi şəxsiyyət Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı cavabı Azərbaycanın “olum, ya ölüm” dilemması qarşısında qaldığı o çətin dövrdə hər birimizdə yeni bir siyasi partiyanın təsis edilməsi ideyasının reallaşacağına böyük ümidlər yaratdı. Ümummilli Lider “91-lər”in həmin müraciətinə tarixi cavabında bildirdi ki, belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Ulu Öndər Azərbaycanın müstəqilliyinin tarixi nailiyyətimiz olduğunu önə çəkərək onun qorunmasının hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edirdi. “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti o vaxt cəsarət və milli düşüncə göstərmiş məşhur “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirdi: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.” Məhz bu əsasda möhtərəm Prezidentimiz İlham Əliyev qurultaydakı yekun nitqində gənc nəslin milli, vətənpərvərlik ruhunda tərbiyəsindən bəhs edərkən keçilən yolun daim təbliğ olunmasını, tarixi paralellər fonunda müstəqilliyimizin daimiliyini təmin etmək üçün hansı çətinliklərin dəf edildiyini onlara çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyaraq YAP fəallarına çağırış etdi. Çünki reallıq budur ki, xalq dahi şəxsiyyət Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi, nəticədə müstəqilliyimiz əbədi, dönməz oldu.

Biz “91-lər” fəxr edirik ki, doğma partiyamızın sıraları yaranmasından ötən 29 ilə yaxın dövrdə kəmiyyət və keyfiyyət baxımından heç bir siyasi təşkilatla müqayisə edilməyəcək dərəcədə zənginləşib. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir: «O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır." Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından, hər bir çətinlikdən şərəflə çıxdı, qısa müddətdə milyonların partiyasına çevrildi, bütün kateqoriyadan olan insanları bir araya gətirib sıralarında birləşdirdi. Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyədək siyasi xəttinə, tutduğu yola sadiqliyi, hər zaman dövlətinə, xalqına xidmət üçün bütün səylərini birləşdirməsi, “Yeni Azərbaycan uğrunda” devizini illər keçdikcə “Yeni hədəflərə doğru” şüarı ilə əvəzləməsi onun sıralarının genişlənməsinə səbəb oldu.

Bu mühüm məqamı xüsusi qeyd etmək istəyirəm ki, ötən müddət ərzində YAP-ın qurultaylarında (1999, 2001, 2005, 2008, 2013, 2018) qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Xüsusi vurğulanmalıdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Partiyanın rəhbərliyində o dövrdə Azərbaycan gənclərinin lideri kimi cənab İlham Əliyevin təmsil olunması bu siyasi qurumun gələcək uğurlarına böyük stimul verdi. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-in Birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyevin YAP rəhbərliyində təmsilçiliyindən sonra gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün bütün imkanların yaradılması çox qısa zaman kəsiyində bu təbəqənin partiya sıralarına sürətli axınını təmin etdi. 2005-ci ildə keçirilən YAP-ın III qurultayında isə ölkə Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə yeni inkişaf mərhələsinin təməli qoyuldu.

Bu gün isə sonsuz qürur hissi ilə qeyd edirik ki, son 17 ildə Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində yeni, təkmil islahatlar əsasında inkişaf edir. Bu, Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət baxımından inkişafında da özünü aydın şəkildə göstərir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi oluruq. Biz “91-lər” fəxr edirik ki, 1992-ci ildə təsis konfransını Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə çox çətin şəraitdə 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirir.

Partiyanın VII qurultayında qəbul olunan mühüm qərarlardan biri 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulmasıdır. Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur. Hakimiyyət siyasi partiyaların bir araya gəlməsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirməsi üçün zəruri olan bütün addımları atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Vətən müharibəsində 50 siyasi partiya ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini, onun ətrafında sıx birləşdiklərini bildirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev partiyanın VII qurultayında bu məqama xüsusi diqqət yönəltdi: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub.”

Dövlətimizin başçısının da vurğuladığı kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Cənab İlham Əliyev qurultayda bu barədə demişdir: “Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur.”

6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması, eyni zamanda, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki YAP-ın ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu kimi qərarlar Yeni Azərbaycan Partiyasına gündən-günə artan inamın, etimadın göstəricisidir. Əvvəldə də qeyd etdiyim kimi, partiya bu illər ərzində tutduğu yola sadiqliyini sözdə deyil, əməldə sübut edib, xalqın partiyası imicini daha da möhkəmləndirib. YAP dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməklə davamlı uğurlara imza atır. YAP hər zaman yeniliyə, təkmilləşməyə meyil göstərən partiyadır. Son illərin uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiasının 2019-cu ildə ölkədə həyata keçirilən islahatlardan qanunverici orqanın da kənarda qalmaması, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsini xüsusi qeyd etməliyik. Məhz bu təşəbbüs əsasında 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Diqqət çəkən əsas məqamlardan biri yeni parlamentin formalaşmasında siyasi sistemin təkmilləşməsinə xidmət edən addım kimi müxalifət partiyalarının nümayəndələrinin də Milli Məclisin rəhbərliyində, komitələrə sədrlikdə təmsil olunmasıdır. Bu, bir daha dövlətimizin siyasi partiyalar arasında birliyin, həmrəyliyin, siyasi dialoqun tərəfdarı olmasının bariz nümunəsidir. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir. Bu baxımdan siyasi partiyaların rəhbərləri ilə mütəmadi keçirilən görüşlər, günümüzün əsas məsələləri ətrafında aparılan müzakirələr, ümumi mövqenin ortaya qoyulması və sair təqdir olunan məqamlardandır.

Ümumilikdə möhtərəm Prezidentimiz İlham Əliyevin son 17 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Cənab İlham Əliyev qurultayda 2003-2020-ci illəri hazırlıq dövrü kimi xarakterizə etdi. Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Artıq bu illər ərzində bütün sahələrdə qazandığımız uğurlar, görülən hazırlıq işləri Dağlıq Qarabağ münaqişəsinin də tarixə qovuşmasına yol açdı. Bu səhifəni bağlayıb qarşıdakı dövrün hədəfləri və onlara çatmaq yolları müəyyənləşdirilir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayının keçirilməsini zəruri edən səbəblərdən geniş bəhs edərək bildirdi ki, yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də ölkəmizin təşəbbüsləri ilə reallaşan layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar bölgədə uzunmüddətli sülhün, təhlükəsizliyin təmin edilməsi üçün önəmli şərtlər formalaşdırıb və yeni əməkdaşlıq imkanlarını genişləndirir. Bütün sahələrdə yeni mərhələnin əsası qoyulub.

Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, gələn il partiyanın 30 illik yubileyi qeyd olunacaq. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm.”

Dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq. Təbii ki, bu sənəd özündə bütün yenilikləri, qarşıdakı dövrün prioritetlərini və onlara nail olmaq yollarını ehtiva edəcək. Bu gün postmüharibə dövrünü yaşayırıq. Hazırda əsas vəzifələrdən biri bizə Zəfəri yaşadan şəhidlərimizin ailələrinə, qazilərimizə diqqət və qaygı ğöstərmək, daim onların yanında olmaqdır. Dövlətimizin bu kateqoriyadan olanlara diqqət və qaygısı göz önündədir. Möhtərəm Prezidentimiz bildirdi ki, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidir. Böyük Qayıdışa hazırlıq işləri görülür. YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır.

Təhlillər fonunda bu fikri böyük qürurla qeyd edirik ki, partiyanın həyatında yeni dövr başlayır. VII qurultay yeniliklərlə tarixə yazıldı. 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin Birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edildilər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti daim yüksək dəyərləndirilir. Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin irsinin təbligi məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi, eyni zamanda, Ümummilli Liderin yaradıcısı olduğu partiyada rəhbər strukturda təmsil olunmaqla onun şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, yeni reallıqlara uyğun müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir və bu istiqamətdə səylərini daha da artırır.

Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarına seçilmiş bütün partiya üzvlərini təbrik edir, qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağımız üçün birgə fəaliyyətimizdə uğurlar arzulayıram. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Vüqar Rəhimzadə,

“91-lər”in üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru

Paylaş:
340

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər