Azərbaycan millisi Barbados və Mozambikdən geri qalır
Futbol üzrə dünya çempionatları tarixinin seçmə mərhələlərinin ümumi cədvəli açıqlanıb.
1news.az Apasport.az-a istinadən xəbər verir ki, martda baş tutan qarşılaşmaların da əksini tapdığı siyahıda müxtəlif illərdə yarışda oynamış 215 milli komanda yer alıb.
Azərbaycan yığmasının da dünya çempionatlarındakı mövqeyi bəlli olub. DÇ-1998 çərçivəsində 1996-cı ildə debüt matçına çıxan millimiz tarixində 7-ci tsiklə başlayıb.
60 görüş keçirən komandamız 7 qələbə, 14 heç-heçə və 39 məğlubiyyətlə aktivinə ümumilikdə 35 xal yazıb. 30 top vuran futbolçularımız 107-ni buraxıb. Bu göstərici ilə millimiz dünya çempionatlarının 147-cisidir.
Azərbaycan yığmasından ön sıralarda Botsvana (36 xal), Banqladeş, Barbados, Fələstin (hərəsi 37 xal), Mozambik (38 xal), Vanuatu (39 xal) kimi qeyri-futbol ölkələri yer alıb.
Yığmamız Avropada yalnız 9 komandanı qabaqlayır. Bunlar Farer adaları (29 xal), Moldova, Lüksemburq (hər ikisi 28 xal), Malta (17 xal), Lixtenşteyn (12 xal), Andorra (9 xal), San-Marino (2 xal), Kosovo (1 xal) və Cəbəllütariq (0 xal) milliləridir.
Qeyd edək ki, cədvələ seçmə mərhələlərdə 376 xal toplayan Meksika başçılıq edir. Kosta-Rika 298 xalla ikinci, Avstraliya 294 xalla üçüncüdür.
1news.az