“Əgər Rusiya Azərbaycana qarşı hərbi cinayətin iştirakçısıdırsa, ciddi suallar ortaya çıxır” - Vüsal Məmmədov
Xəbər verdiyimiz kimi, bir qrup jurnalist Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılması ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.
Müraciətdə xatırladılıb ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb.
Müraciətdə qeyd olunub ki, Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib:
“Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur”.
Müraciəti imzalayanlar Rusiya tərəfinin ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcəyinə və təhqiqatın başlanmasını rəsmən elan edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Sözügedən müraciətə imza atan şəxslərdən biri də AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur. O, 1news.az-a açıqlamasında Rusiya tərəfinin bu günə qədər məsələylə bağlı susqunluq nümayiş etdirməsinin Azərbaycan cəmiyyətində ciddi və haqlı narahatlıq doğurduğunu söyləyib:
“İskəndər-M” raketi ətrafında maraqlı bir vəziyyət yaranıb. Atılan raketlərin qalıqları tapılsa da, heç kim onu atdığını boynuna almaq istəmir. Aydın məsələdir ki, bu raketi yadplanetlilər atmayıblar, onu buraxan bir tərəf var. Azərbaycan cəmiyyəti də haqlı olaraq bundan narahatlıq keçirir. Çünki hazırda biz Rusiyaya Qarabağda sülhü təmin etmək kimi həyati əhəmiyyətli, son dərəcə vacib bir missiyanı həvalə etmişik. Əgər Rusiya Azərbaycana qarşı törədilmiş hərbi cinayətin iştirakçısıdırsa, onda istər-istəməz bu missiya ilə bağlı çox ciddi suallar ortaya çıxacaq. Əgər bu raketi Rusiya atıbsa öncə buna aydınlıq gətirilməlidir ki, məqsəd nə olub? Yox, Ermənistan atıbsa, onda ixrac üçün nəzərdə tutulmayan bu silah onların əlinə necə düşüb?
Ümid edirik ki, Rusiya vəziyyətin həssaslığını, məsələnin əhəmiyyətini nəzərə alaraq, bu suallara tezliklə aydınlıq gətirəcək. Hazırda iki dövlətin münasibətlərinin gələcəyi bu məsələdəki səmimiyyətdən çox asılıdır. Rusiya başa düşməlidir ki, əhalinin mənfi münasibətini qazandığı ölkədə sülhməramlı missiya həyata keçimək absurddur. Səhv varsa, əvvəlcə mütləq etiraf olunmalıdır. Əks halda, münasibətlərə də, sülhməramlı missiyaya da böyük bir ləkə düşəcək”.
B.Cahandarov